Həkimlər ağrılarını ciddiyə almadı - 29 yaşında 3 bədən üzvünü itirdi

1 Fevral 2025 13:20

Doktorların şikayətlərini ciddiyə almadığı 29 yaşlı qadın üç orqanını itirib.

Milli.Az xəbər verir ki, 12 aprel 2023-cü ildə əkizlərini dünyaya gətirən Teape doğumdan sonra mədə ağrıları çəkməyə başlayıb, lakin həkimlər onun şikayətlərinə əhəmiyyət verməyib. Beş gün sonra ağrıları dözülməz həddə çatdıqda təcili yardım çağırmaq məcburiyyətində qalıb.

İngiltərədə yaşayan 29 yaşlı Xədicə Teape BBC-yə verdiyi müsahibədə "Mədə spazmları, qusma, ishal, titrəmə və yemək yeyə bilməmək kimi problemlərim vardı. Beşinci gün artıq dözə bilmədim və tibbi müdaxiləyə ehtiyacım olduğunu anladım," - deyə bildirib.

Həkimlər onun Strep A bakteriyasına yoluxduğunu müəyyən etdilər. Bu bakteriya boğaz infeksiyalarından tutmuş, ət yeyən bakteriyalara qədər müxtəlif xəstəliklərə səbəb ola bilər və nadir hallarda sepsisə yol aça bilər. Sepsis hər il İngiltərədə 245 min insana təsir edərək minlərlə ölümə səbəb olur.

Sepsis immun sisteminin bədənin öz toxumalarına hücum etməsinə səbəb olaraq orqan çatışmazlığına gətirib çıxara bilər. Araşdırmalara görə, İngiltərədə hər il azı 48 min insan bu xəstəlikdən həyatını itirir.

Teape orqanlarının fəaliyyətini davam etdirməsi üçün bir həftə komada saxlanıldı. Ayıldıqda isə əlləri, ayaqları, barmaqları və burnunun qaraldığını gördü. "Reanimasiyaya düşməzdən əvvəl təcili əməliyyata ehtiyacım olduğu bildirildi. Ailə üzvlərimə əl yetdim və əməliyyata girdim. O an son sözlərim 'Mən bacardım' oldu," - deyə xatırlayır.

Lakin gözlərini açdıqda bir həftə komada qaldığını öyrəndi. Onun həyat yoldaşı Shawn Ayton "Həkimlər ən pis ehtimala hazırlaşmalı olduğumuzu söylədilər. Amma o, sağ qaldı və bu, bizim üçün ən böyük xoşbəxtlik oldu," - deyib.

Sepsisin bədənində qalıcı zərər qoyması səbəbindən 2023-cü ilin avqustunda hər iki ayağı, sol əli və sağ əlindəki barmaqları amputasiya edilib. Keçirdiyi bu prosesi "fiziki, emosional və zehni cəhətdən çətin" adlandıran Teape yenə də həyata tutunmağı bacarıb.

Protezlər sayəsində artıq müstəqil şəkildə yeriyə bildiyini qeyd edən Teape "İndi əkizlərimi sağ qolumun büküyündə tutub qaldıra bilirəm. Ailəmin məni evdə görməsi onları sevindirir," - deyə bildirib. "Həyatım alt-üst ola bilər, amma heç olmasa körpələrim və böyük uşaqlarımın anası hələ də onların yanındadır."

İsmayıl
Milli.Az