14:11
Qəbələdə iki avtomobilin toqquşduğu qəzadə iştirak edənlərdən birinin sürücülük hüququ olmayıb, qəza ilə bağlı cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qəbələ rayonunun Tövlə kəndinin ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərdən biri - Aqsif Qəriblinin avtomobili idarə etmə hüququ yoxdur və onun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr var: "Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İstintaqın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək".
Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.
12:58
"Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücülərdən biri sərxoş olub və onun avtomobil idarəetmə hüququ olmayıb".
Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Tövlə kəndində baş verən hadisədə VAZ-2101 markalı, 27-BT-834 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Aqsif Yaşar oğlu Qəribli sükan arxasında sərxoş vəziyyətdə olub və onun avtomobil idarə etmə hüququ olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin baş verməsində günahkar tərəfin kimliyini istintaq müəyyən edəcək.
BDYPİ bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır",- deyə M.Ağayev bildirib.
10:08
Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində "VAZ-2106" və "VAZ-2101" markalı avtomobillər toqquşub.
Milli.Az xəbər verir ki, nəticədə "VAZ-2106"-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Milli.Az