23 il sonra avronun dizaynı dəyişir

1 Fevral 2025 10:03

23 ildən sonra avronun dizaynı dəyişdirilir.

Milli.Az bu barədə "independent" nəşrinə istinadla xəbər verir.

Avropa Mərkəzi Bankı (AMB) 23 ildən sonra ilk dəfə avro əsginaslarının dizaynını dəyişəcək.

Hazırda naməlum körpü və pəncərə təsvirləri olan əsginasların yenilənməsi onların daha cəlbedici olması üçündür. Banka görə yeni dizaynda mədəniyyət xadimləri, o cümlədən alman bəstəkarı Lüdviq van Bethoven, həmçinin quşlar və çaylar ola bilər.

Dizaynerlərə iki alternativ mövzu təqdim olunub: Avropa mədəniyyəti və ya çaylar, quşlar və Avropa institutlarının birləşməsi. Birinci variantda avronun altı nominalının ön tərəfində tanınmış avropalılar yer alacaq: yunan opera müğənnisi Mariya Kallas, Bethoven, polyak-fransız alim Mariya Küri, ispan yazıçı Migel de Servantes, italyan rəssam və ixtiraçı Leonardo da Vinçi və avstriyalı sülh fəalı Berta fon Suttner. Bu siyahını müstəqil ekspertlər müəyyən edib və AMB seçib, lakin cəmi altı ölkənin təmsil olunması mübahisələrə səbəb ola bilər. Banknotların arxa tərəfində isə kitabxana və ya mahnı festivalı kimi mədəni tədbirlər təsvir ediləcək.

Digər alternativdə isə ön tərəfdə quşlar və çaylar, arxa tərəfdə isə AMB də daxil olmaqla Avropa institutları əks olunacaq.

AMB bu il dizayn üçün müsabiqə elan edəcək və 2026-cı ildə qalibi müəyyən edəcək, lakin yeni əsginaslar bir neçə il sonra dövriyyəyə buraxılacaq.

İslam
Milli.Az