Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR

31 Yanvar 2025 13:27

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək.

Yeni sistemin əsas məqsədi paytaxtda nəqliyyat sıxlığını azaltmaq və şəhərdaxili hərəkəti tənzimləməkdir. Bəs dəyişkən iş qrafiki konkret necə tətbiq olunacaq və hansı saatlarda iş başlanacaq?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Ajans.az-a açıqlamasında bildirib ki, işə başlama saatlarının fərqləndirilməsi qaçılmazdır.

"Bakıda nəqliyyat və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Şəhərdə səhər və axşam saatlarında böyük sıxlıq yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir".

Elçin Bayramlının fikrincə, bəzi iş yerlərində işin səhər saatlarında başlaması məcburidir. Lakin bəzi qurumlar və müəssisələrdə işin bir qədər gec başlaması mümkündür.

"Müəyyən iş yerləri üçün saat 08:00-dan, digərləri üçün isə saat 10:00-dan başlamaq olar. Təhsil müəssisələrində də dərs saatlarının 09:30 yox, 10:30-dan başlaması mümkündür. Bu dəyişiklik nəqliyyat axınının bərabər paylanmasına kömək edəcək və sıxlığın azalmasına səbəb olacaq."

Ekspert vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir:

Şəhərin müxtəlif hissələrinə yeni metro xətlərinin çəkilməsi vacibdir. Alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi tıxacların qarşısını ala bilər. Bundan əlavə Bakıya olan miqrasiyanın azaldılması üçün bölgələrdə iş imkanlarının və sosial infrastrukturun genişləndirilməsi lazımdır.

Elçin Bayramlı əlavə edib ki, şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.

Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiq olunması ilə bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB müvafiq siyahılar hazırlayacaq. Bu siyahıya uyğun olaraq fərqli sektorlar üçün müxtəlif iş saatları müəyyən ediləcək.

Milli.Az