Almaniyanın beynəlxalq araşdırma qrupu Anadolu lövhəsi, Avrasiya löhvəsi və Ərəb lövhəsinin kəsişdiyi bölgədə yeni geoloji prosesləri aşkarlayıb. Tədqiqat nəticələrinə görə, bu lövhələr arasındakı boşluq getdikcə genişlənir və hətta Azərbaycanın qonşuluğuna qədər gəlib.
Milli.Az xəbər verir ki, lövhələr arasındaki boşluq Türkiyədən İrana qədər uzanır. Tədqiqatçılar müəyyən ediblər ki, Yer səthindən xeyli aşağıda olan "Neotetis" okean lövhəsi qoparaq Anadolu və Ərəb lövhələri arasında yeni bir qırılma yaradıb. Zaqros dağlarının tətbiq etdiyi qüvvələr bu qırılmanı daha da gücləndirib.
"Solid Earth" elmi jurnalında dərc edilən tədqiqatda qeyd olunur ki, milyonlarla il ərzində iki qitənin hərəkəti səbəbilə arasındakı okean dibi yavaş-yavaş dərinlərə sürüşüb. Qitələr toqquşduqca bu proses yeni qırılmalara və dağların formalaşmasına gətirib çıxarıb.
Tədqiqatçılar həmçinin üç ölçülü modellərdən istifadə edərək Zaqros dağlarının Yer səthini nə qədər aşağı əydiyini öyrəniblər. Lakin ortaya çıxan mənzərə bu dağların yaratdığı təzyiqdən daha artıq bir amilin təsir etdiyini göstərib.
Tədqiqatın aparıcı müellifi Dr. Stefanie Weiss bildirir ki, torpağın çökməsi yalnız Zaqros dağlarının yükü ilə açıqlana bilməz. Bu proses hələ də Ərəb plitəsinə yapışmış olan batmış okean plitəsinin yaratdığı əlavə yük səbəbindən baş verir.
Bu cür tədqiqatlar Yer qabığının çöküntülərin yığılması və filiz yataqlarının formalaşmasına təsirini izah etməklə yanaşı, geotermal enerji mənbələrinin araşdırılması və zəlzələ risklərinin qiymətləndirilməsi baxımından da vacibdir.
Fidan
Milli.Az