"Öd yaşılımtıl-qəhvəyi qələvi mayedir, xolesterin və öd duzlarından ibarətdir. Onun vəzifəsi qaraciyərdə istehsal olunan ödün saxlanması və yeməkdən sonra həzmi asanlaşdırmaq üçün ödü onikibarmaq bağırsağa buraxmaqdır. Həzm sistemində isə ödün əsas funksiyası yağları parçalamaqdır".
Milli.Az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib.
Həkimin sözlərinə görə, öd kisəsinin, öd yollarının və sfinkterinin əzələlərinin normal yığılması və tonusu pozulan zaman öd durğunluğu yaranır. Eyni zamanda yağların parçalanması və udulmasının açıq şəkildə pozulması inkişaf edir, bu da qan dövranında onların konsentrasiyasının artmasına səbəb olur. Xolestaz öd yollarında və öd kisəsində inkişaf edir, kəskin və xroniki olur.
"Öd qatılaşması müxtəlif səbəblərə görə inkişaf edə bilər. Ən çox rast gəlinən öd kisəsinin və ya öd yollarının açıqlığının pozulması, öddə daşların olması, ödün kist və ya şişlər tərəfindən sıxılması, öd kisəsinin və ya kanalların strukturunda anomaliyalar, onların əyilməsi, öd kisəsi və ya kanalların iltihabı, ödün qalınlaşması və kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilə müşayiət olunan endokrin və enzimatik pozğunluqlardır.
Həmçinin nizamlanmamış qidalanma, qida rejiminin pozulması, uzun müddət ac qalma və yeyilən yeməklərin keyfiyyətsiz olması, hərəkətsiz həyat tərzi, oturaq iş rejimi və piylənmə də öd qatılaşmasının inkişafına səbəb olan digər amillərdir. Bu vəziyyəti müalicə etmək üçün uyğun qidalanma, aktiv həyat tərzi və mütəmadi tibbi nəzarət vacibdir".
Jalə İbrahimova bildirir ki, öd qatılaşması özünü ürəkbulanma, qusma, gəyirmə, sağ qabırğa altında daimi ağrı, bağırsaqlarda köp, dəridə qaşınma, ağızda acılıq, qoxu, dəri və selikli qişaların zəif saralması, qaraciyərin bir qədər böyüməsi əlamətləri ilə göstərir. Belə əlamətlər müşahidə edirsinizsə, həkim-qastroenteroloq və terapevt tərəfindən vaxtında müayinədən keçmək vacibdir.
Aysel Əkbər
Milli.Az