"Çindən özü maşın gətirənlərə qadağa qoyulsun" - Dövlətə müraciət edildi

29 Yanvar 2025 11:42

Ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni "boz bazar"dan. "Boz bazar" isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuzuna Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir. Bu rəqəm isə Azərbaycanda sahibkarları və dilerləri narahat edib.

Bununla bağlı açıqlama verən texnobloqer Fərid Pərdəşünas deyib ki, məlumatlara görə, sahibkarlar vətəndaşların belə alışlarına məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı dövlətə müraciət edib:

"Hətta bununla bağlı Federasiya məhdudiyyətləri əks etdirən təklif hazırlanır. Düşünürəm ki, bu, çox absurd yanaşmadır. Birincisi, azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə, bir təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Yaxud Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə, sahibkar ondan artığını edir? Düşünürəm ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidirlər: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib oradan alacaq".

Texnobloqer qeyd etdi ki, dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır:

"Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır. Hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. Hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq bazarda ucuz avtomobil almağa imkan yaradıb. İnsanlar 20-30 minə təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalı, direktiv qərarlardan mədət ummamalıdırlar". /Sfera.az

Milli.Az