Zaqatalada faciəli şəkildə ölən QAZİNİN FOTOları - Yenilənib

25 Yanvar 2025 10:18

Xəbər verdiyimiz kimi Vətən müharibəsi qazisi 32 yaşlı Hüseyn Məmmədovun Zaqatala dağlarında meyiti tapılıb.

Lent.az mərhum qazinin fotolarını əldə edib.

Qeyd edək ki, H. Məmmədov dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə onun işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.

--------

08:45

Zaqatalada Vətən müahirəsi qazisinin yüksək dağlıq ərazidə ölməsinin təffərüatları məlum olub.

Milli.Az-ın məlumatına görə, hadisə Zaqatala rayonu Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə; Əlibəy yüksəkliyi adlanan yerdə Hava Məlumatı Ötürücü Stansiyasının yaxınlığında baş verib.

Belə ki, mərhum 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, iki övlad atası olan H. Məmmədov Füzuli, Cabrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. /APA

---------------
2025.01.24


Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb. 

Lent.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb. 

Zaqatala rayon Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkar edilib.  

Hazırda rayon hüquq-mühafizə orqan əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. 

H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil. 

İlkin ehtimala görə, onu ayı parçalayıb. Həmçinin onun yüksəklikdən yıxılaraq ölməsi də ehtimal olunur.

Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir. /lent.az

Milli.Az