Suriya Milli Ordusu, HTŞ və onu müşayiət edən silahlı qruplar tərəfindən devrilmiş Bəşər Əsədin Türkiyəyə qarşı xain planı illər sonra üzə çıxıb. Bəşər Əsəd 2012-ci ildə Türkiyə sərhədindən geri çəkdiyi suriyalı əsgərlərə texnika və ağır silahlarını türklərə qarşı istifadə etmək üçün PKK-ya verməyi tapşırıb.
Milli.Az xəbər verir ki, bu barədə Suriyanın keçmiş baş naziri Riyad Fərid Hicab məlumat verib.
O, qatıldığı canlı yayımda 2012-ci ildə Suriya qoşunlarının Türkiyə sərhədindən çıxarılmasından sonra məsələ ilə bağlı Bəşər Əsədlə keçirdiyi uzun görüşün təfərrüatlarını ilk dəfə açıqlayıb.
Hicab Əsədin Türkiyəyə qarşı PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq etdiyini bildirib:
"Bəşər Əsəd 2012-ci ildə Türkiyə sərhədindən qoşunların geri çəkilməsi və PKK/YPG-yə ağır silahların təhvil verilməsini əmr etdi. O, PKK-ya kömək etdi. Biz Xalq Məclisinin sədri və güc komandirləri ilə birlikdə Bəşər Əsədlə görüşmək üçün Prezident Sarayına getdik. Təbii ki, həmin gün çox uzun bir görüş oldu və orada müxtəlif mövzular müzakirə edildi.
İclasda ona "Niyə bölgədəki hərbi məntəqələr, ağır silahlar və hərbi texnika PKK-ya təhvil verilib?" sualını verdim. Bəşər cavab verdi ki, PKK bizim müttəfiqimizdir. Keçmişdən bu günə qədər onlardan çox bəhrələnmişik. Kürdləri nəzarətdə saxlamaq, Suriyanın hər yerində nümayiş və aksiyalarda iştirak edənlərin qarşısını almaq üçün də onlara indi ehtiyacımız var". /Publika.az
Milli.Az