Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi" platformasında 2018-2022-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.
Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.
Milli.Az xəbər verir ki, modern.az bundan əvvəl Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Sumqayıt Dövlət Universitetinin (SDU) məzunlarının məşğulluğunu araşdırıb.
Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları araşdırılacaq.
Ali təhsil müəssisəsində iki fakültə var: Siyasi və inzibati idarəetmə fakültələri. Akademiyada Politologiya", "Beynəlxalq münasibətlər", "Hüquqşünaslıq", "Dövlət və bələdiyyə idarəetməsi", "Davamlı inkişafın idarəedilməsi", "Menecment", "İqtisadiyyat" və "Kompüter elmləri" ixtisasları tədris olunur.
Məlumata görə, sözügedən illər ərzində ali təhsil müəssisəsini 1623 nəfər bitirib, onların 1036 nəfəri (63 nəfəri) işlə təmin olunub.
Həmin illərdə məzun olanlardan ən çox iş tapanlar hüquqşünaslıq ixtisasını bitirənlərdir. Dövlət və bələdiyyə idarəetməsi, menecment, iqtisadiyyat, politologiya da məzunları ən çox iş tapan ixtisaslar arasındadır.
Reytinqə görə, ən çox məzunu olanlar ixtisaslar aşağıdakılardır:
Dövlət və bələdiyyə idarəetməsi - 235 məzunu var, onlardan 152-si və ya 64.6 faizi işlə təmin olunub.
Hüquqşünaslıq - 234 məzunu var, onlardan 169-u və ya 72.2 faizi işlə təmin olunub.
Menecment - 205 məzunu var, onlardan 131-i və ya 63.9 faizi işlə təmin olunub.
İqtisadiyyat - 195 məzunu var, onlardan 125-i və ya 64.1 faizi işlə təmin olunub.
Politologiya - 194 məzunu var, onlardan 152-si və ya 77.8 faizi işlə təmin olunub.
Beynəlxalq münasibətlər - 182 məzunu var, onlardan 91-i və ya 50 faizi işlə təmin olunub.
Məzunlara ən çox banklar, Ədliyyə Nazirliyi və bir sıra şirkətlər iş verib.
Milli.Az