165 min avro pul tapdı, əlindən aldılar

29 May 2010 09:22
Fransanın Jirond regionunun Merinak şəhərində villa almış fransız bağında qazıntı işləri apararkən yerə basdırılmış plastik bağlamada 50, 100 və 500 avroluq bank əskinaslarından ibarət 165 min avro tapıb.

Yerə basdırıldığından pullar nəm çəkib.

Villa sahibi pulun saxta olub-olmamasını yoxlamaq məqsədilə onları qurutduqdan sonra 100 avronu şəhərin ticarət mərkəzlərindəki kassaların birinə təqdim edib. Kassir puldan şübhələnərək, bu barədə polisə məlumat verib.

Pulu tapan şəxs polisə aparılıb, elə oradaca pul xüsusi aparatlardan yoxlamadan keçirilib. Pulun həqiqi olduğu müəyyənləşdirilib. Buna baxmayaraq, ev sahibi polis tərəfindən sorğu-suala tutulub. Villa sahibi öz ünvanını bildirərkən polis 2006-cı ildə həmin ünvanda 37 yaşlı ev sahibinin qətlə yetirildiyini, lakin qatillərin müəyyən edilmədiyindən cinayətin üstünü açmağın mümkün olmadığını bəyan edib. Polis qətlin gizlədilmiş, lakin dörd ildən sonra təsadüfən tapılmış pul ilə əlaqəli olması qənaətinə gəlib.
Pullar cinəyət işləri üzrə polis divizionu tərəfindən müsadirə edilib.

/AzərTAc/