İrəvan Moskvanın əsəblərini tarıma çəkir

22 Yanvar 2025 12:01

Cənubi Qafqazın geosiyasi mübarizə mərkəzində yerləşən Ermənistan açıq-aşkar ikiüzlülük, saxtakarlıq və nəyin bahasına olursa-olsun, mənfəət əldə etməyə hesablanmış təhlükəli geosiyasi kurs seçib.

Qərb və Rusiya arasında davam edən qlobal qarşıdurma şəraitində İrəvan bu iki düşərgə arasında balans yaratmağa və onların ziddiyyətlərindən maksimum fayda götürməyə çalışır. Təbii ki, belə primitiv "strategiya" həm Moskvanın, həm də Qərbin ermənilərə alət qismində baxmalarına, Ermənistanı gözlənilməz və etibarsız bir oyunçuya çevrilməsinə səbəb olub.

Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən strateji məsələləri müzakirə etmək üçün Moskvada səfərdə olub.

Görüş Morozov malikanəsinin tarixi Ağ Zalında keçirilib - bu məkan vaxtilə nüvə silahlarının sınaqlarının qadağan olunması haqqında müqavilənin imzalanması kimi əlamətdar diplomatik hadisələrə ev sahibliyi etmişdir.

Birgə mətbuat konfransında Sergey Lavrov ötən ilə xas olan qarşılıqlı münasibətlərdəki böhranın aradan qaldırıldığını vurğulayıb. Nazir bildirib ki, "danışıqlar intensiv, konstruktiv və ölkələrimizin liderləri tərəfindən əldə olunmuş razılaşmalara uyğun olub".

Danışıqların əsas mövzularından biri strateji tərəfdaşlığın möhkəmləndirilməsi olub. Lavrov qeyd edib ki, Rusiya Ermənistanı təbii müttəfiq kimi görür. "Biz əsrlərlə davam edən dostluq və mehriban qonşuluq ənənələrinin inkişafında maraqlıyıq", - deyə o bildirib.

Əməkdaşlığın iqtisadi komponenti də diqqət mərkəzində olub. Lavrovun sözlərinə görə, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya sayəsində 12 milyard dollarlıq rekord səviyyəyə çatıb. Ermənistan tərəfi iqtisadi əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu ifadə edib. Öz növbəsində, Ararat Mirzoyan Rusiyanın regional reallıqları nəzərə almasının vacibliyini vurğulayıb. "Biz suverenlik və milli maraqlara hörmət əsasında qurulan konstruktiv münasibətlərin tərəfdarıyıq", - deyə o bildirib.

Müzakirələrin vacib mövzularından biri Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi olub. Lavrov Rusiya tərəfinin Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına çalışdığını təsdiqləyib.

"Uzaq geosiyasi oyunçulardan fərqli olaraq, biz yeni gərginlik ocaqlarının yaradılması üçün deyil, sabitliyin möhkəmləndirilməsi üçün çalışırıq", - deyə o bildirib və 2020 və 2022-ci illərdə əldə olunmuş üçtərəfli razılaşmaları xatırladıb.

Rusiyanın XİN başçısı bəyan edib ki, Moskva münaqişənin həllinə "yalnız hər iki tərəfin tələb etdiyi qədər" kömək edəcək.

Moskvadakı danışıqlar fonunda Ermənistan xarici siyasətini yenidən nəzərdən keçirməyə davam edir. KTMT-dəki üzvlüyün dayandırılması, ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma, eləcə də Vaşinqtonla strateji tərəfdaşlıq sazişi İrəvanın uzunmüddətli prioritetləri ilə bağlı suallar yaradır.

Bununla belə, hər iki tərəf mehriban qonşuluq münasibətlərinin inkişafına sadiqliyini vurğulayıb.

Sergey Lavrov bildirib ki, Nikol Paşinyanın Rusiyaya səfərləri və BRİKS+ sammitində iştirakı da daxil olmaqla, yüksək səviyyəli mütəmadi görüşlər qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Ermənistan Qərblə Rusiya arasında siyasətini qlobal oyunçuların ziddiyyətləri üzərində qurmağa çalışaraq manevr etməyə davam edir. Halbuki belə taktika ciddi risklər daşıyır: bu, əsas tərəfdaşların etimadını zəiflədir və İrəvanı mürəkkəb geosiyasi oyunlarda həssas vəziyyətə salır. Ermənistan yalnız milli prioritetlərini aydın şəkildə müəyyən edərək bu qədər çətin bir şəraitdə mövqelərini gücləndirə bilər.

Qərbin dəstəyi: Ermənistanın diplomatik oriyentasiyasının yeni istiqaməti 2018-ci ildə hakimiyyət dəyişikliyi və Nikol Paşinyanın baş nazirliyə gəlməsindən sonra Ermənistan Qərbə doğru sürətli şəkildə yönəlməyə başlayıb. Bu kurs bir neçə əsas istiqaməti əhatə edir.

Belə ki, 2020-2023-cü illərdə ABŞ Ermənistan üçün demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı layihələri də daxil olmaqla 100 milyon dollardan artıq yardım ayırıb. Avropa İttifaqı infrastrukturun modernləşdirilməsi və islahatların həyata keçirilməsi üçün Ermənistana 2,6 milyard avro vəsait ayırıb.

Üstəlik, Ermənistan Rusiyaya qarşı yönəlmiş, o cümlədən Ukraynada həyata keçirdiyi addımları qınayan BMT qətnamələrini fəal şəkildə dəstəkləyir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistanla Moskva arasındakı bir sıra ticarət əlaqələrinin məhdudlaşdırılmasında öz əksini tapıb.

NATO ilə əməkdaşlıq: Ermənistan 2003-cü ildən "Sülh Naminə Tərəfdaşlıq" proqramında iştirak edir və alyansla əlaqələrini genişləndirir. 2023-cü ildə NATO-nun himayəsi altında Ermənistanda keçirilən birgə hərbi təlimlər Moskvanın kəskin tənqidinə səbəb olub və münasibətlərdəki gərginliyi daha da artırıb.

Qərbə yaxınlaşmağa çalışmasına baxmayaraq, Ermənistan hələ də Rusiyaya sadiqliyini bəyan etməyə davam edir.

Ermənistanın KTMT-yə üzvlüyü və ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası ittifaqın formal əlamətləri kimi qalır. Amma Ukrayna böhranı kontekstində İrəvanın addımları onun səmimiliyinə şübhə yaradır.

Ermənistanın istehlak etdiyi qazın 80%-dən çoxu Rusiya tərəfindən təmin edilir. 2023-cü ildə İrəvanın enerji təchizatının şaxələndirilməsi ilə bağlı İranla apardığı danışıqlar bu asılılığı zəiflətməyə yönəlmiş cəhdlərdən xəbər verir.

Nikol Paşinyan Moskva ilə münasibətlərin "dəyişməzliyini" dəfələrlə bəyan etməsinə baxmayaraq, İrəvanın real hərəkətləri Rusiyanın regional təsirini tədricən sıxışdırmağa yönəldiyini göstərir.

Rusiya Ermənistanın ikiüzlü siyasətinə cavabsız qalmayıb. Ermənistana silah tədarükü əhəmiyyətli dərəcədə azaldılıb ki, bu da 2023-cü ildəki Qarabağ münaqişəsində özünü göstərib. 2023-cü ildə Rusiya investorları Ermənistandan 500 milyon dollara yaxın sərmayə çıxarıb ki, bu da yerli iqtisadiyyata ciddi zərbə vurub. Moskva ilə Bakı arasında iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi İrəvana onun addımlarının nəticələri barədə mesaj olub.

Nəticədə Ermənistanın ÜDM-i 2023-cü ildə əsas ticarət tərəfdaşı olan Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən 2,4% azalıb. 2024-cü ildə Gallup-un sorğusuna görə, ermənilərin 67%-dən çoxu hökumətin xarici siyasət kursundan narazılığını ifadə edib.

Ermənistanın ikiüzlü siyasəti yalnız onun beynəlxalq arenadakı mövqelərini zəiflətmir, həm də Cənubi Qafqazda sabitliyi pozur. Qərblə Rusiya arasında balans yaratmaq cəhdləri müttəfiqlər arasındakı etimadsızlığı artırır, Azərbaycanla münasibətlərdə gərginliyi gücləndirir və regionda davamlı sülhün formalaşmasına mane olur. Ermənistan üçün aydındır ki, qlobal oyunçular arasında ziddiyyətlərdən faydalanmağa yönəlmiş bu siyasətin davam etdirilməsi nəticədə tam təcridə və hələ də onunla əməkdaşlıq etməyə hazır olan strateji tərəfdaşlarını itirməsinə səbəb ola bilər. Ermənistan Qərb və Rusiya arasında manevr etməklə hər iki tərəfin etimadını itirmək riski ilə üzləşir. Qərb islahatların yavaş tempi ilə bağlı narazılığını bildirir, Rusiya isə İrəvanın uzaqlaşmaq cəhdlərini artan əsəbiliklə izləyir. Nəticədə, bu cür siyasət Ermənistanın beynəlxalq arenada təcrid olunması ilə nəticələnə bilər.

Bu ilin əvvəlindən Ermənistan hökumətinin iki əsas addımı - Avropa inteqrasiyası haqqında qanun layihəsinin parlamentə təqdim edilməsi və ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Moskvada kəskin reaksiya ilə qarşılandı. Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev açıq şəkildə bəyan etdilər ki, Rusiya Ermənistana qarşı iqtisadi təzyiq vasitələrini tətbiq etməyə hazırdır.

Moskvanın gözləntiləri və Ermənistanın keçmişdəki addımları göstərir ki, Kremlin postsovet məkanından tələbləri aydındır: dövlətlər müstəqil siyasət yürütməli və ərazilərini Rusiyaya qarşı istifadəyə verməməlidirlər. Buna baxmayaraq, İrəvanın rusiyalı sərhədçilərin funksiyalarını məhdudlaşdırması, erməni siyasətçilərin anti-Rusiya bəyanatları, KTMT-yə üzvlüyün dondurulması və Paşinyanın MDB sammitlərində iştirakdan imtina etməsi kimi addımları Moskvadan ciddi sanksiyalarla qarşılanmadı. Paşinyan bu addımları xarici siyasətin şaxələndirilməsi zərurəti ilə izah edir.

Fəqət alternativlərin yaradılması əvəzinə Ermənistan Rusiya təsirini tamamilə sıxışdırmağa yönəlmiş siyasət aparır ki, bu da onu Kremlin "qırmızı xətləri"nə yaxınlaşdırır.

Hazırlanmış qanun layihəsi Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursunu Konstitusiyada möhkəmləndirməyi nəzərdə tutur. Hərçənd bu, Aİ-yə dərhal üzvlük demək deyil, lakin Moskva bunu təhdid kimi qəbul edir. Aleksey Overçuk bəyan edib: "Biz bunu Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışının başlanğıcı kimi görürük." Qanun layihəsi parlamentdə qəbul edilərsə, Moskva iqtisadi və siyasi cavab tədbirlərinə, o cümlədən Ermənistan üçün Aİİ çərçivəsində məhdudiyyətlər tətbiq etməyə başlaya bilər.

ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Moskva üçün əlavə siqnaldır. Xartiya daha çox deklarativ xarakter daşısa da, burada yer alan bəzi müddəalar xüsusi diqqət çəkir. Əsasən ikiqat təyinatlı malların ixracına nəzarət məsələsi diqqət mərkəzindədir. ABŞ-la birgə işçi qrupunun yaradılması Rusiya ilə ticarət dövriyyəsinə nəzarətin gücləndirilməsi demək ola bilər ki, bu da Moskva üçün ciddi zərbədir, çünki Ermənistan hazırda sanksiyaların yan keçilməsi üçün vasitə kimi istifadə olunur.

Tarixi kontekst də İrəvan üçün dərslər təqdim edir. 2013-cü ildə Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq ərəfəsində idi, lakin həmin il Serj Sarkisyan Avrasiya İqtisadi İttifaqına qoşulmaq qərarı verdi. Əgər Paşinyan Avropa inteqrasiyası kursunu davam etdirsə, Ermənistanda hakimiyyət dəyişərsə və ya prorusiya qüvvələri güclənərsə, Qərbin bütün dəstəyi yenidən Moskvanın təsirinin gücləndirilməsinə yönələ bilər.

Kremlin səbr kasasını daşdıracaq potensial addımlara Ermənistanın KTMT-dən çıxışı və NATO-ya üzv olmaq niyyətinin bəyan edilməsi, Avropa inteqrasiyası haqqında qanunun qəbulu və Aİ ilə yeni sazişin imzalanması, sanksiyalardan yayınma sxemlərində iştirakdan imtina daxildir.

Ermənistanın Rusiya ilə münasibətlərdə alternativ yaratmaq əvəzinə onu əvəz etmək cəhdi qaçılmaz olaraq Kremlin "səbr kasasına son damlalar"ın varoluşunu gerçəkləşdirəcək. Hazırda İrəvan təhlükəli həddə balans saxlayır. Fəqət KTMT-dən çıxış və ya ABŞ-la ixrac nəzarətinin gücləndirilməsi kimi hər hansı radikal addım Ermənistanı yeni qarşıdurmanın episentrinə çevirə və regionun geosiyasi dinamikasını dəyişə bilər. Ermənistan anlamalıdır ki, qlobal oyunçular arasında manevr etmək uzunmüddətli perspektivdə onun mövqelərini gücləndirməyəcək, əksinə, tam zəifləməsinə və beynəlxalq arenada təcridinə səbəb ola bilər.

Elçin Alıoğlu
TREND