ABŞ-nin Nyu-York ştatından olan dermatoloq Viktoriya Kazlosukaya gənclərdə saçların vaxtından əvvəl ağarmasının səbəblərini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Post" (NYP) nəşrində məqalə dərc edilib.
Nəşrin məlumatına görə, son illərdə Z nəslinin nümayəndələrində gənc yaşlarında saç ağarması getdikcə daha çox müşahidə edilir.
Kazlosukayanın sözlərinə görə, saçların vaxtından əvvəl ağarması adətən dəmir çatışmazlığı səbəbindən baş verir. Onun sözlərinə görə, orqanizmdə dəmir çatışmazlığının aradan qaldırılması gəncləri ağ saçlardan xilas edə bilər.
"Mis, sink və dəmir piqment sintezi üçün zəruri olan fermentin - tirozinazın aktivliyində rol oynayır. Bundan əlavə, ağ saçlar çox vaxt oksidativ stress səbəbindən də ortaya çıxır ki, bu da sərbəst radikalların çox olması və onlara qarşı mübarizə aparan antioksidantların çatışmazlığı nəticəsində bədəndə baş verən prosesdir", - deyə həkim bildirib.
Qeyd edək ki, "Healthline" səhiyyə şirkətinin məlumatına görə, genetika, ümumi sağlamlıq vəziyyəti, qalxanabənzər vəzinin xəstəlikləri, autoimmun xəstəliklər, siqaret çəkmək və B12 vitamini çatışmazlığı da vaxtından əvvəl saç ağarmağa səbəb ola bilər.
Milli.Az