Hindistan məşhur hərrac evini qabaqladı
10 İyul 2012 11:07
Hindistan hökuməti Britaniyanın Sotheby's Hərrac evindən respublikanın müstəqilliyi uğrunda mübarizlərdən biri olan Mahatma Qandinin arxivini 1,1 milyon dollara alıb. Bir neçə min məktubdan, sənəd və fotoşəkillərdən ibarət kolleksiya iyulun 10-da hərraca çıxarılmalı idi. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Hərrac evinin nümayəndəsinə istinadən xəbər verir.
Lakin Nyu-Dehli hərraca bir neçə gün qalmış qiymətli arxivi satın almaq qərarına gəlib. "Sənədlər ölkə üçün mühüm əhəmiyyət daşıyır. Biz Qandinin həyatı haqqında daha çox bilmək üçün onları almaq qərarına gəldik", - Hindistan hökumətindən bildiriblər.
Kolleksiya Milli Arxivdə saxlanacaq, onun araşdırılması ilə ölkənin Mədəniyyət Nazirliyinin xüsusi komissiyası məşğul olacaq.
Qeyd edək ki, arxiv Qandinin yaxın dostu olmuş yəhudi memar German Kallenbaxa məxsus olub. 1891-1915-ci illərə aid olan sənədlər arasında ekspertlər Qandinin qohumları və dostları tərəfindən yazılan onlarla məktub tapıblar.
Yeri gəlmişkən, hind filosofuna məxsus sənədlər Britaniyada keçirilən hərraclarda böyük populyarlığa malikdir. Belə ki, aprelin əvvəllərində Mullock's Hərrac evi Qandiyə məxsus əşyaların satışından 160 min dollar gəlir əldə edib.
Milli.Az