Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri mühüm önəm daşıyır”

20 Yanvar 2025 16:20

"Azərbaycanın xarici siyasətində, o cümlədən, qonşu ölkələrlə bağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılıb. Məlumdur ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir." Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, eyni zamanda, Azərbaycanla Gürcüstanı qədim tarixi köklər, xalqlarımız arasındakı sıx dostluq əlaqələri birləşdirir. "Bu gün isə Azərbaycan və Gürcüstan həm də strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanavarın 17-də ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş nazirinin etdiyi ilk xarici səfər olduğunu xüsusi qeyd etdi."      

K.Qafarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də mətbuata bəyanatla etdikləri çıxışlarında mühüm məqamların əks olunduğunu vurğulayaraq  deyib: "İlk növbədə, dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini diqqət mərkəzinə çəkdi. Eyni zamanda,  iqtisadi sahədə yaxşı nəticələrin olduğu qeyd edildi. Təbii ki, energetika sahəsində Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq təkcə ölkələrimiz üçün deyil, həm də daha böyük coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və bu ixracın həcmi ildən-ilə artır. Bununla paralel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirirlər. Eyni zamanda, cənab Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasında müzakirə edildiyini bildirdi. Qeyd olundu ki, ölkələrimiz bu layihə çərçivəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayırlar. Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstanın bir-birilərinə verdikləri dəstək ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və inkişaına misilsiz töhfə verir."

Milli.Az