Şuşada şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - FOTO

20 Yanvar 2025 16:11

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin şəhidləri Şuşa şəhərində 1 dəqiqəlik sükutla yad edildi.

Milli.Az xəbər verir ki, anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri qürur və ehtiramla şəhidlərin əziz xatirəsini yad etdilər.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Milli.Az