İngiltərə Premyer Liqasının 12-ci turunda "Everton" "Tottenhem"i, "Mançester Yunayted" "Brayton"u, "Nottingem Forest" isə "Sauthempton"u qəbul edib.
Bu barədə Milli.Az xəbər verir.
"Everton" 3:2 "Tottenhem"
16-cı yerdə olan "Everton" "Tottenhem" üzərində qələbə qazanıb. 15-ci yerdə olan "mahmızlar" üçün bu nəticə onların onsuz da çətin vəziyyətini daha da pisləşdirib. Mersisayd təmsilçisi isə yüksək liqada qalmaq uğrunda mübarizədə vacib üç xala yiyələnib. Meydan sahiblərinin qollarını Dominik Kalvert-Lyuin (13'), İliman Ndiay (30') və Arçi Qrey (45'+7, avtoqol) vurublar, qonaqların heyətində isə Deyan Kuluşevski (77') və Rişarlison (90'+2) fərqlənib.
"Mançester Yunayted" 1:3 "Brayton"
Premyer Liqanın son üç turunda "Liverpul" və "Arsenal" sınaqlardan üzü ağ çıxmış "Mançester Yunayted" öncəki oyunda autsayder "Sauthempton"u da yenərək komandanın gələcəyinə dair müsbət siqnallar versə də, "Brayton" "qırmızı şeytanlar"ın ümidlərini puç edib. Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə Yankuba Minte qonaqların ilk qolunun müəllifi olub. Bununla belə, Ruben Amorimin yetirmələrinin cavabı da gecikməyib: 23-cü dəqiqədə Brunu Fernandeş penaltidən fərqlənib. Bu, ev sahiblərinin oyundakı yeganə qolu olub. 60-cı dəqiqədə Kaoru Mitoma "qağayılar"ın ikinci qoluna imza atıb. Matçda son nöqtəni isə 76-cı dəqiqədə Jorjinyo Rütter qoyub. Beləliklə, bu qələbə ilə "Brayton" (34 xal) 9-cu pilləyə yüksəlib. "Qırmızı şeytanlar" (26) isə 13-cü pillədə qalıblar.
"Nottingem Forest" 3:2 "Sauthempton"
Çempionlar Liqasının vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Nottingem Forest" mövsümün əsas autsayderi "Sauthempton"dan üstün olub. Ev sahiblərinin qollarını Elliot Anderson (11), Kallum Hadson-Odoi (28) və Kris Vud vurub. "Müqəddəslər"in gücü isə cəmi iki qola çatıb. Komandanın heyətində Yan Bednarek (60') və Pol Onuaçu (90'+1) fərqləniblər. Bu qələbə ilə "meşəçilər" "Arsenal"la xallarını bərabərləşdiriblər - 44. Cəmi altı xalı olan "Sauthempton" isə liqa ilə vidalaşmağa çox yaxındır.
Qeyd edək ki, çempionatın lideri 50 xalla (bir oyun əskik) Arne Slotun "Liverpul"udur.
Milli.Az