Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib - FOTO

19 Yanvar 2025 18:55

Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.

Milli.Az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxslər İnterpol tərəfindən qırmızı büllütenlə axtarışda olub: "Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirir".

Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X hesabında paylaşım edərək onların şəxsiyyəti barədə məlumat yayıb. Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, "Barış Boyun" cinayət qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.

Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.

Qeyd edilib ki sözügedən şəxslərin Ermənistanda həbsi Türkiyə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İnterpol-Avropol İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Kəşfiyyat İdarəsi və Ordu Vilayəti Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Ali Yerlikaya Türkiyə tərəfi ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib./APA

Milli.Az