NASA alimləri Qrenlandiya buzlaqlarının altında nəhəng gizli nüvə şəhəri aşkar edib

19 Yanvar 2025 16:20

"Century" düşərgəsi 1959-cu ildə Qrenlandiyada ABŞ tərəfindən inşa edilib və Sovet İttifaqına potensial hücuma hazırlıq görülüb...".
 
NASA "soyuq müharibə" dövrünün hərbi bazasının sirlərini açıb
 
2024-cü ilin aprel ayında Qrenlandiya üzərində uçuş zamanı NASA alimləri gözlənilməz bir kəşf edib. Onlar 30 metr buz qatının altında gizlədilmiş nəhəng tunellər şəbəkəsini aşkar edib. 
 
Milli.Az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
 
"Biz buzlaqların xəritəsini tərtib edirdik və bu zaman "Century" düşərgəsi ortaya çıxıb", - deyə NASA-nın kriosfer üzrə alimi Aleks Qardner bildirib.
 
Bəlli olub ki, bu, "soyuq müharibə" dövründə ABŞ-ın inşa etdiyi supergizli hərbi baza olub. Həmin bazada Arktika tunellərində nüvə raketləri saxlanılıb.
 
"Hal-hazırda bu, tərk edilmiş təhlükəli tullantılarla dolu bir qalıqdır və buzların əriməsi ilə Qrenlandiyada "Century" düşərgəsinin "ruhları" üzə çıxa bilər. Bu isə həm ekoloji mühitə, həm də beynəlxalq münasibətlərə təhlükə törədə bilər", - materialda vurğulanır.
 
"Buz qurd" layihəsi haqqında bəlli olanlar
 
"Century" düşərgəsi ABŞ-ın Mühəndis Korpusu tərəfindən 1959-cu ildə inşa edilib. Bu baza təkcə uzaq bir Arktika forpostu deyil. Baza yer səviyyəsindən təxminən 3 min metr hündürlükdə, temperatur -56 °C-yə qədər enən, küləyin sürəti isə saatda 193 km-dən artıq olan ekstremal iqlim şəraitində yerləşib. 
 
Əvvəlcə "Century" düşərgəsi tədqiqat obyekti kimi elan edilsə də, "soyuq müharibə" dövründə "Iceworm" layihəsi çərçivəsində nüvə raketlərinin buz tunellərində saxlanılması planlaşdırılıb.
 
Bununla ABŞ Sovet İttifaqına potensial hücum hazırlığı görüb. Lakin buzun dəyişkən və qeyri-sabit təbiəti layihəni qeyri-praktiki hala gətirib. Bu səbəbdən 1967-ci ildə baza bağlanıb və 47 min galon radioaktiv tullantı buzun altında qalıb.
 
Bu tullantılar və "Buz qurd" layihəsinin digər təfərrüatları 1995-ci ilə qədər heç kimə məlum olmayıb. Lakin Danimarkanın xarici siyasət araşdırması onları üzə çıxarıb.
 
1997-ci ildə ABŞ-ın "Iceworm" planlarını əhatə edən sənədlər dərc edilib. Həmin sənədlərə görə, bu layihə Qrenlandiyanın buzları altında 135 min kvadrat kilometr sahədə (Danimarkanın üç qatı qədər) nəhəng raket şəbəkəsinin inşasını nəzərdə tutub.
 
2016-cı ildə alimlər bu obyektlə bağlı ciddi xəbərdarlıq edib. Qrenlandiya buzlarının əriməsi səbəbindən toksik tullantılar 2100-cü ilə qədər səthə çıxa bilər.
 
"Bu kəşf ABŞ, Danimarka və Qrenlandiya arasında diplomatik gərginliyi artırıb. Hər üç tərəf bu potensial ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması məsuliyyətini müzakirə edir", - nəşr qeyd edib.
 
Qrenlandiya ilə bağlı son xəbərlər
 
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Donald Tramp Qrenlandiyaya iddia etdiyini bəyan edib. O, ABŞ-ın bu ərazini nəzarətə götürmək arzusunda olduğunu bildirib.
 
Qrenlandiya baş naziri Mute Egedə isə bu bəyanata cavab olaraq ölkəsinin satılmayacağını və azadlıq uğrunda mübarizədən geri çəkilməyəcəyini bildirib.
 
Daha sonra Danimarka baş naziri Tramp ilə Qrenlandiya haqqında danışıb və vurğulayıb ki, adanın gələcəyi ilə bağlı qərarı yalnız Qrenlandiya sakinləri verə bilər./moderator.az

Milli.Az