Virus Azərbaycana da gəlib çıxdı: Tibbi masakalardan istifadə olunacaq? - Rəşid Mahmudov AÇIQLADI

18 Yanvar 2025 13:33

22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən sonra meymunçiçəyi virusuna yoluxduğundan şübhələnərək xəstəxanaya müraciət edib. Mütəxəssislərin epidemioloji araşdırması və laborator müayinələr nəticəsində virusun varlığı təsdiqlənib. Hazırda xəstə müalicə alır, ailə üzvləri isə müşahidə altındadır.

Meymunçiçəyi virusunun yayılma riski və ölkə daxilində profilaktik tədbirlər nə dərəcədə effektivdir? Belə halların qarşısını almaq üçün hansı əlavə tədbirlər görülməlidir?

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov meymunçiçəyi virusunun yayılması və təhlükəsi ilə bağlı "Ajans.az"-a açıqlamasında virusun ölümcül ola biləcəyini və profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Mahmudovun sözlərinə görə, meymunçiçəyi virusunun kökləri 1980-ci illərdə yox edilmiş çiçək xəstəliyinə dayanır.

O bildirib:

"1980-ci illərə qədər çiçək xəstəliyi dünyada tüğyan edirdi. Daha sonra peyvənd tapıldı və xəstəlik yavaş-yavaş yox olmağa başladı. Ancaq xəstəlik yox olan kimi yerini yeni bir immun xəstəliyi aldı. Çiçək xəstəliyi tibb dünyası tərəfindən dünyanın ən ağır infeksiyalarından biri kimi tanınırdı. Sonradan məlum oldu ki, Konqonun yaxınlığında geniş bir meşəlikdə yaşayan meymunlardan bu xəstəlik yaranıb və həmin virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nəzarətdə saxlanılırdı. Amma zamanla virus geniş yayıldı. Bu gün yoluxucu olan meymunçiçəyi virusu həmin hadisələrə dayanır."

Rəşid Mahmudov meymunçiçəyi virusunun yoluxuculuğunun və ağır gedişatının xüsusilə zəif immunitetli insanlar üçün böyük risk yaratdığını qeyd edib:

"Hər bir virus xəstəliyi kimi meymunçiçəyi də yoluxucu və ağır bir xəstəlikdir. Xəstəliyin nəzarətdə saxlanılması mütləqdir. Əgər immuniteti zəif olan insanlar varsa, onlar bu xəstəliyi daha ağır keçirir və hətta ölüm riski də artır. Buna görə gigiyenik qaydalara ciddi əməl etmək vacibdir."

Dosent əlavə edib ki, virusun geniş yayılma ehtimalı yaranarsa, cəmiyyət ciddi tədbirlər görməlidir:

"Virus kütləvi yayılarsa, yenidən ciddi karantin rejimi tətbiq etmək və tibbi maskaların istifadəsinə keçmək zəruri ola bilər. Bununla yanaşı, virusa qarşı peyvəndin hazırlanması prioritet olmalıdır. Tibbi araşdırmalar bu istiqamətdə davam etməlidir. Meymunçiçəyi virusuna qarşı peyvənd və dərman preparatlarının hazırlanması üçün beynəlxalq səviyyədə elmi tədqiqatlar aparılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, virusun yayılmasının qarşısını almaq üçün effektiv tədbirlər görülməli və gigiyenik standartlara riayət olunmalıdır". 

Milli.Az