Bakıda istehsala yararsız ət satışının qarşısı alındı - FOTO

18 Yanvar 2025 11:02

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra hakimiyyəti və Polis orqanlarının əməkdaşları ilə birlikdə dərhal həmin ünvanda reyd keçiriliblər.

Milli.Az-ın məlumatına görə, qeyd olunan ünvanında fiziki şəxs Rövşən Vəli oğlu Cümşüdova məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib.

Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb. O cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməmiş mənşəyi məlum olmayan 100 kiloqram istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb. Müayinələrinin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib.

Qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yaşayan sakinlər qəssabxanada kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı müvafiq qurumlara müraciət etmişdilər.

Milli.Az