Azərbaycan və Gürcüstan arasında hər zaman dostluq münasibəti, qarşılıqlı dəstək və hörmət olub.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün sözügedən münasibətin bəhrəsini görürük.
"Bu gün iki ölkə arasında olan münasibətlərin ən yüksək dinamikasını görürük. Sabah Gürcüstan Baş nazirinin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Xarici İşlər Nazirlikləri olaraq biz mütəmadi olaraq əlaqədəyik. Hər il xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr həyata keçirilir.
Azərbaycan Gürcüstanda bir nömrəli investorlardandır. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyarda yaxınlaşır. Düşünürəm ki, yaxın zamanlarda daha böyük rəqəmlərdən danışa bilərik",- deyə C.Bayramov bildirib.
Milli.Az