Bu ərazilərdəki evlər BAHALAŞACAQ

16 Yanvar 2025 20:00

Bakıda yeni metro stansiyalarının inşası ilə bağlı qərar verildikdən sonra bu stansiyaların tikiləcəyi ərazilərdə mənzil qiymətləri artmağa başlayıb. Əmlak alqı-satqısı ilə məşğul olan mütəxəssislər bu artımın metro xəttinin ərazinin nəqliyyat infrastrukturunu gücləndirməsi və şəhər içində daha rahat hərəkət imkanı yaratması ilə əlaqəli olduğunu bildirirlər.

Milli.Az xəbər verir ki, mütəxəssizlər əmlak bazarının təhlilini apararkən qeyd edib ki, yeni metro stansiyalarının tikiləcəyi bölgələrdə artıq bəzi ev sahibləri mənzillərinin qiymətini hər kvadratmetrə görə 50 manat artırıblar. Bu cür investisiya layihələri ərazinin cəlbediciliyini artıraraq həm yaşayış, həm də ticarət obyektlərinin tikilməsinə təkan verir və nəticədə iqtisadi dəyərini yüksəldir.

Əmlak üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, metro stansiyalarının inşası ümumiyyətlə daşınmaz əmlak qiymətlərinə təsir edir. Lakin, qiymət artımının baş verməsi üçün müəyyən bir zaman kəsiyinin keçməsi lazım olduğunu vurğulayıb.

Ekspert Elnur Azadov isə qeyd edib ki, metro stansiyalarının açılışına yaxın olan dövrdə bu cür ərazilərə olan maraq daha da artacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də verdiyi açıqlamada Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyini bildirib. Bu, paytaxtın nəqliyyat sisteminin daha da inkişaf etməsinə və tıxacların azalmasına imkan yaradacaq. Lakin ekspertlər bu ərazilərdə mənzil qiymətlərinin artımını daha çox metro stansiyalarının istifadəyə verilməsindən sonra müşahidə edəcəklərini bildirirlər. 

Asya
Milli.Az