Azərbaycanda məktəblərdə telefondan istifadə QADAĞAN EDİLDİ

15 Yanvar 2025 17:15

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, xüsusi hallar istisna olmaqla ümumtəhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir.

"Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.

Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumtəhsil müəssisələrində tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsi genişləndirilməsi nəzərdə tutulur.

Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir.

Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil", - agentlikdən qeyd edilib.

Agentlikdən əlavə edilib ki, artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur:

"Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır".

Milli.Az