Hansı hallarda bağışlanmış əmlak geri qaytarılır?

17 Yanvar 2025 09:23

Birinci dərəcəli qohumluq əlaqəsi olan vətəndaşlar nadir hallarda notariata əmlakın alqı-satqısı üçün yaxınlaşırlar. Həmin şəxslər əmlakın başqasına verilməsi üçün daha çox mülkiyyətin bağışlama müqaviləsindən istifadə edir. Bağışlama müqaviləsi isə hədiyyə alanın hədiyyənin qəbul eləməsi ilə başlayır. 

Milli.Az xəbər verir ki, hüquqşünas Anar Ramazanov bildirib ki, bağışlamada əgər hədiyyə alan və hədiyyə verən qohumluq münasibətləri bacı-qardaş, ər-arvad, nəvə-nənə arasında baş verirsə, rüsum 28 manat 75 qəpik notariat xidmət haqqı tutulur. Nadir hallarda yaxın qohum olmaqlarına baxmayaraq vərəsəlik zamanı bir payçı digərinə hansısa pul əvəzində verir.

Bu müqavilə rahat bağlansa da pozulması bir az qəlizdir. Müqavilənin etibarsızlığı üçün müəyyən halların olması vacibdir. İlk növbədə bunun üçün 3 səbəb olmalıdır. Bu 3 fakt məhkəmə qaydasında öz təsdiqini tapmalıdır. Yalnız bu halda həmin müqavilənin ləğvi tələb oluna bilər. Əmlakı qəbul edən şəxs hədiyyə verən şəxsin yaxın qohumlarına qarşı cinayət törədərsə, ailə öhtəliklərinə əməl etməzsə, ailə münasibətlərindən irəli gələn öhtəlikləri icra eləməzsə, əgər şəxs bağışlama müqaviləsində nəzərdə tutulanları icra etməzsə bunlar ləğvin səbəbləri hesab edilir. 

Ölüm halı da bağışlama müqaviləsinin ləğvinə gətirib çıxarda bilər. Belə ki, hədiyyəni qəbul edən şəxs dünyasını dəyişərsə, bu zaman bağışlayan şəxs yenidən o əmlakı öz mülkiyyətinə keçirdə bilər. 
 

Aysel Əkbər
Milli.Az