NATO-nun Baş katibi Mark Rutte Rusiya, Şimali Koreya və İranı dünya təhlükəsizliyinə təhdid hesab edir.
Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Parlamentində çıxışında deyib.
O, bildirib ki, dünya təhlükəsizliyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır:
"Davamlı sülhə nail olmaq üçün Ukraynaya hərbi dəstəyi artırmaq lazımdır. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Biz daimi sülh istəyirik. Bu müharibə necə və nə vaxt bitəcək, bilmirəm. Amma bilirəm ki, rəsmi Moskva istədiyini əldə etsə, sülh olmayacaq. Rusiya, Şimali Koreya və İran özünü daha güclü hiss etdikcə sülh nə sabit, nə də davamlı olacaq".
Baş katib Ukraynada müharibənin dayandırılması ilə bağlı adı çəkilən dövlətlərin maraqlarına xidmət edəcək razılaşmanın qlobal qeyri-sabitliyə aparan yol olacağını vurğulayıb:
"Sülh yalnız o zaman davam edə bilər ki, Ukrayna güclü mövqedən danışıqlar masasına otursun. Bunun üçün onun bizim əlavə yardımımıza ehtiyacı var".
Milli.Az