12 yanvar 2025-ci ildə Los Anceles şəhərində baş verən yanğınlar tarixinin ən böyük və dəhşətli meşə yanğınlarından hesab olunur.
Milli.Az xəbər verir ki, yanğınlar nəticəsində ən azı 24 nəfər həyatını itirib, 10 mindən çox ev və iş yeri külə dönüb. 153 min insan təxliyə edilib, 166 min insan isə təxliyə əmrlərinə hazır olmaq barədə xəbərdar edilib.
Yanğın 4 gündür davam edir və azı 13 min hektar yaşayış məntəqəsi külə dönüb. Ən böyük yanğınlar Palisades və Eaton bölgələrində baş verib və hələ də nəzarətdən çıxmış vəziyyətdədir. Yanan ərazilərdə 150 milyard dollar dəyərində maliyyə itkisi baş verib.
Yanğından ən çox zərər görən ərazilərdən biri də Malibu olub. Bu bölgə təbii gözəlliyi və dəbdəbəli həyat tərzi ilə tanınır. Yanğın nəticəsində Malibu çimərlikləri və ətraf sahələr tanınmaz hala gəlib. Eyni zamanda, məşhur aktyorlar Billy Crystal, Eugene Levy, Mel Gibson və Paris Hilton kimi məşhurlar da bu yanğından evlərini itirənlər arasındadır.
Maxar Technologies tərəfindən təqdim edilən peyk görüntüləri yanğının miqyasını daha yaxşı göstərir. Yanğının başlanğıcında Malibu sahil xətti əvvəlki vəziyyəti ilə müqayisə edildikdə, kəskin şəkildə dəyişmişdir.
Yanğınların nəzarət altına alınmaması və çox geniş sahələrə yayılması, yerli hakimiyyətin hazırlıqsız olduğunu göstərir. Baş verən yanğınlar yerli əhalinin və mütəxəssislərin ciddi tənqidlərinə səbəb olub. Ərazidə yaşayanlar yerli məmurları da sorğuya çəkirlər, çünki hakimiyyətin yanğına hazırlıqsız yaxalandığını və adekvat reaksiya vermədiyini bildirirlər. Yanğın zamanı şəhər bələdiyyəsinin sədri Karen Bassın şəhərdən kənarda olması da bu tənqidləri daha da gücləndirib. Bununla yanaşı, yanğınsöndürmə işləri zamanı şlanqlara bərkidilə bilən su kranlarının səmərəsizliyi də müzakirə olunur.
Bu ilki yanğınların sürətlə yayılmasının səbəbləri arasında hidroklimat dəyişiklikləri və Santa Ana küləklərinin təsiri ön plana çıxır. 2024-cü ildə El Nino ilə əlaqəli güclü yağış dövründən sonra, son aylarda yağıntıların olmaması, meşə yanğınlarının daha tez və geniş yayılmasına şərait yaradıb. Küləkləri də yanğınların genişlənməsinə səbəb olub. Bu küləklər sürəti saatda 130 kilometrə çata bilər və yerli bitki örtüyündən daha çox nəm çıxara bilər, nəticədə yanğınlar daha sürətlə yayılır.
2018-ci ilin ən dəhşətli yanğını olan Camp yanğını ilə müqayisədə bu ilki hadisə daha geniş miqyaslı və ağır nəticələrə səbəb olub.
Nərmin
Milli.Az