Azərbaycanda multikulturalizm bir dəyərdir – VİDEO - FOTO

13 Yanvar 2025 10:50

"Baku Network" platformasına "Tofiq Abbasovla Dialoq" analitik proqramının yeni buraxılışı yayımlanıb.

Milli.Az xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli musiqişünas və pedaqoq, müasir Azərbaycan cazının banilərindən olan Rafiq Seyidzadə olub.

Söhbət çox dərin və mənalı olub, vacib sosial və tarixi mövzuları ehtiva edib.

R.Seyidzadənin sözlərinə görə, xalqlar arasında mədəniyyət və dostluq Bakı həyatının hər zaman ayrılmaz hissəsi olub:

"Mən beynəlmiləl bir həyat yaşamışam. Bakıda multikulturalizm ən yüksək səviyyədə olub. Biz hər kəsin - gürcülərin, ermənilərin, rusların, azərbaycanlılıarın dostluq etdiyi bir cəmiyyət yaratmışdıq. Mən hər zaman özümü rahat hiss etmişəm: istər Tbilisidə olsun, istərsə də Moskvada və ya İrəvanda".

Musiqişünas vurğulayıb ki, multikulturalizm günü bu gün də Azərbaycanın vacib dəyəri olaraq qalmaqdadır.

"Keçmişdə baş vermiş faciəvi hadisələrə rəğmən, ölkənin qapıları bu gün də müxtəlif millətlərin nümayəndələrinə açıq olmağa davam edir.

Bu gün Azərbaycanda 35 mindən çox erməni yaşayır. Onlar Bakı və digər şəhərlərdə, o cümlədən, Qarabağda yaşayırlar. Multikulturalizm bizim hər zaman yenilənən və zənginləşən bir dəyərimizdir", - deyə o bildirib.

Söhbətin gedişində Rafiq Seyidzadə öz uşaqlıq illərinə və onun ailəsinə təsirsiz ötüşməmiş bəzi tarixi hadisələrə də toxunub. O bildirib ki, onun evində 1915-ci ildə atılan güllələrin izləri olub, anası isə Bakıda ermənilərin törətdikləri qırğınlardan sağ çıxıb.

"Mənim anam hər zaman mənə insanlara hörməti aşılayıb - hətta yaşadıqlarına rəğmən. Ermənistanda isə uşaqları erkən yaşlarından azərbaycanlılara və türklərə nifrət ruhunda tərbiyələndirirlər", - deyə o əlavə edib.

Musiqişünasın fikrincə, Ermənistan cəmiyyətində olan nifrətin kökünün kəsilməsi üçün onillər ərzində aparılacaq tərbiyə işləri və ideoloji yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var:

"Dünya düşmənçilik əsaslarında mövcud ola bilməz. Biz sərhədlər qurmalıyıq, onları müəyyən etməliyik və əməkdaşlıq etməklə, ticarəti və mədəniyyəti inkişaf etdirməklə sülh içində yaşamalıyıq. Bu, bizim ümumi gələcəyimizin qarantıdır".

Rafiq Seyidzadə Ermənistan işğalından azad edilən Şuşa şəhərinə səfəri zamanı aldığı təəssüratları bölüşüb:

"İlk dəfə Füzulidən Şuşaya gedəndə, dağılmış şəhərləri və kəndləri gördüm. Bu çəyirtkə axınından sonrakı peyzajı - "kabus şəhərləri" xatırladırdı. O viranəliklərə baxmaq olmurdu. Amma biz bu gün Şuşanı həyata qaytarmaqdayıq. O, yenə də mədəniyyət və dostluğun mərkəzinə çevriləcək".

Musiqişünas vurğulayıb ki, azərbaycanlılar hər zaman qonşu xalqlara ehtiramla yanaşıb. O bildirib ki, düşmənçiliyin kökündə genetika və ya mədəniyyət deyil, siyasət və yanlış tərbiyyə dayanır.

"Biz dialoqa, qarşılıqlı əlaqələrə və sülh şəraitində birgə yaşayışa can atmalıyıq. Düşmənçilik tükədicidir. Yalnız əməkdaşlıq irəliləyiş üçün şərait yarada bilər", - deyə Rafiq Seyidzadə vurğulayıb.

Milli.Az