Paşinyandan sülh planı - Bu ərazilərin əvəzinə…

13 Yanvar 2025 23:03

Ermənistanın son günlər şərti sərhəddə aktivləşməsi, sürətlə silahlanması paraleldə isə Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanması istiqamətində verilən açıqlamalar rəsmi İrəvanın hansı planları qurduğu ilə bağlı suallar yaradır.

Ermənistanla Azərbaycan arasında nə baş verir? Sülh danışıqları ilə paralel müharibə hazırlıqları da gedir?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Ermənistanın silahlanması, şərti sərhəddə təxribatlar törətməsi, o cümlədən sərhəd mövqelərində istehkamların qazılması, döyüş hazırlığının aparılması 2020-ci il müharibəsindən sonra başlayan sülh danışıqları fonunda həmişə olub:

"Bu gün Paşinyan hökuməti sülhdən danışsa da paralel olaraq silahlanma və müharibə hazırlığı müşahidə edilir. Prosesin iki əsas səbəbi var. Birincisi, hərbi sahədə strateji mövqelərin ələ keçirilməsidir. Çünki 44 günlük müharibədən sonra Azərbaycan ordusu bütün sərhədboyu ərazilərdə strateji yüksəkliklərə nəzarəti bərpa etdi. Həmin ərazilər Qarabağın işğalı dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədidir. Yəni ermənilər Azərbaycan torpaqları hesabına neytral zona yaratmış, sərhədi irəli çəkmişdilər.

Ermənistan əvvəldən çalışır ki, öz döyüş qabiliyyətini gücləndirməklə sərhəddə hərbi baxımdan müəyyən üstünlük qazansın. Çünki onlar Azərbaycan ordusunun Ermənistan ərazisinə daxil olduğunu iddia edirlər. Laçın, Qaragöl istiqamətində Azərbaycan ordusunun nəzarət etdiyi yüksəkliklər Ermənistanın həmişə diqqətində olub. Bununla yanaşı Zəngəzur dəhlizinin keçdiyi istiqamətdə də zaman-zaman təxribatlar törədirlər. Beləliklə bu layihənin gündəmdən çıxarılmasına praktiki müstəvidə müqavimət göstərirlər".

Politoloqun sözlərinə görə, ikinci əsas səbəb sülh danışıqlarıdır:

"Məlum olduğu kimi sülh danışıqlarında mövcud gündəlik, xüsusilə də Bakının diqtəsi ilə həyata keçirilir. Ermənistan istəməsə belə bu danışıqlarda iştirak edir. Lakin zaman-zaman belə təxribatlar törətməklə beynəlxalq diqqəti bölgəyə cəlb etmək, sülh danışıqlarının hazırkı gündəliyini arxa plana keçirməyə çalışırlar. Ermənistan hazırda əldə olunmuş razılaşmalar çərçivəsində sülh sazişinin bağlanmasını istəyir. Razılaşdırılmayan məsələlər, o cümlədən Azərbaycanın Ermənistan qarşısındakı haqlı tələblərini arxa plana atmaq niyyəti güdür. Rəsmi Bakı təbii ki bunu qəbul etmir. Belə situasiyada Ermənistan silahlanma, təxribatlar törətməklə bölgədə davamlı olaraq stabilliyi pozmaqla beynəlxalq diqqəti buraya cəlb edir. Tezliklə sülh sazişinin imzalanmasına çalışır".

A.Nərimanlı qeyd edir ki, Ermənistanın əsas hədəflərindən biri də Türkiyə ilə sərhədlərin açılmasıdır:

"Rəsmi Ankara Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayacağı təqdirdə sərhədlərin açılmasına müsbət yanaşacağını bildirib. Paşinyan da tezliklə bu sülh sazişini mövcud şərtlər daxilində imzalayaraq Türkiyəyə Azərbaycanla razılaşdıqlarını göstərmək istəyir".

Milli.Az