Bakının mərkəzində səkilər belə zəbt olundu

11 Yanvar 2025 09:55

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.

Sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər: "Səki yoxdur, məcburən maşın yoluna çıxırıq. Onda da təhlükə ilə üzləşirik".

Ərazidə çalışan ustalar isə deyir ki, piyada səkisi yenidən bərpa olunacaq.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 yanvar 2025-ci il tarixində sözügedən əraziyə baxış keçirilib:

"Ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb. Parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilən qaydada razılaşdırılmayıb. Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ünvanlanıb, müvafiq göstərişlər verilib".

Milli.Az