Paris 2024 Olimpiya Oyunlarında Türkiyəyə 10 metr hava tapançası qarışıq komanda yarışında gümüş medal qazandıran Yusuf Dikeç haqqında ortaya atılan iddia gündəmi qarışdırıb.
Milli.Az xəbər verir ki, atış zamanı nümayiş etdirdiyi duruşu və sakit davranışları ilə diqqət çəkən Yusuf Dikeç-in vəkilinin Fransanın L'Equipe qəzetindən müsahibə üçün 1 milyon lirə tələb etdiyi iddia edilib.
Qəzetin iddiasına görə, Dikeç-in dostu və vəkili Mehmet Ali Akgül ilə bir görüş keçirilib.
Görüş zamanı Akgül-ün L'Equipe nümayəndəsinə "Bir milyon! Avro olaraq? Xeyr, Türk lirəsi," dediyi bildirilib. Daha sonra məbləğin 30 min avroya "yuvarlandığı" irəli sürülüb. Qəzet, həmçinin müsahibə üçün şərtləri də paylaşıb:
Bütün sualların idman sahəsi ilə bağlı olması və hərbi xidmətlə bağlı sualların soruşulmaması;
Müsahibənin yayımlanmazdan əvvəl düzəldilməsi;
Çəkilən fotoların Dikeç-in mülkiyyətində olması tələb edilib.
Bundan əlavə, razılaşma baş tutduğu halda, 30 dəqiqəlik müsahibədən əvvəl ödənişin tam olaraq həyata keçirilməli olduğu da qeyd olunub.
Lalə Qüdrətova
Milli.Az