Estetik əməliyyatdan sonra ölüm və koma olan klinikanın rəhbəri: "Məşğulam, danışa bilmirəm"

10 Yanvar 2025 19:32

Bir müddətdir, Bakıda yerləşən "Mərcan Medicare" klinikası xoşagəlməyən xəbərlərlə gündəmdədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klinikanın adı öncə 2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın) ölümü ilə bağlı hallandı.

Bloqerin noyabr ayında keçirdiyi bədənşəkilləndirmə əməliyyatından bir müddət sonra öldüyü məlum olanda onu əməliyyat edən həkim - Nurlan Həsənlinin diplomunun olmadığı iddia edildi.

Klinikanın baş həkimi Araz Ağayev həmin vaxt iddiaları təkzib edərək, əməliyyatı plastik cərrah Oruc Məmmədovun icra etdiyini, N.Həsənlinin onun köməkçisi olduğunu bildirdi. Üstəlik, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərdiyini dedi.

Oxu.Az-ın Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bu gün əldə etdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb və klinika cərimə edilib.

Növbəti xoşagəlməz hadisə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib. Yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunan xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub.

N.Mansurovanın əməliyyatı ilə bağlı məlumat almaq üçün Oxu.Az "Mərcan" klinikasının baş həkimi Araz Ağayevlə əlaqə saxlayıb. O isə məşğul olduğunu deyərək telefonu söndürüb.

Maraqlıdır, baş həkim bu cür ağır hadisələrin fonunda nə işlə məşğuldur?

Milli.Az