İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

10 Yanvar 2025 15:26

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Milli.Az xəbər verir ki, fərmanla İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Belə ki, sistemin sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.

Bu Əsasnamə "Milli Məkan Məlumatları" informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının (bundan sonra - qurumlar) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Sistemin tətbiqi aşağıdakı hədəflərə xidmət edir:

milli məkan məlumatları üzrə texniki tələblər toplusunun, milli məkan məlumatlarının, metaməlumatların formalaşdırılması və inteqrasiyası;

milli məkan məlumatlarının yaradılmasında təkrarçılığın aradan qaldırılması baxımından Azərbaycan Respublikasının dövlət büdcəsindən milli məkan məlumatlarının yaradılmasına ayrılan pul vəsaitinin səmərəli idarə edilməsi;

yaradılmış milli məkan məlumatlarına əlçatanlığın təmin edilməsi;

milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi.

Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın (bundan sonra - Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

Bu Əsasnamə əldə edilməsi qanunla məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektinə həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

Milli.Az