Azərbaycanda 500-dən çox xəstə böyrək axtarır

10 Yanvar 2025 13:02

Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr aparılır. Sosial şəbəkələrdə və mətbuatda müxtəlif orqanların köçürülməsini gözləyən vətəndaşlarla bağlı xəbərlər yayılır.

Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası ötən əsrin 70-ci illərindən başlayıb. Həmin illərdə Azərbaycanda ilk dəfə böyrək köçürülməsi həyata keçirilib.

Müstəqillik illərində isə ilk orqan transplantasiyası 2000-ci illərin əvvələrində baş tutub. 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə bir insanın orqanı başqasına köçürülüb. Qaraciyərin köçürülməsinə isə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılıb.

Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilib və yeni texnika ilə təchiz olunub. 2014-cü ildən isə ölkəmizdə sümük iliyi transplantasiyası olunur.

Modern.az orqan köçürülməsi gözləyən vətəndaşların sayı barədə məlumat əldə etmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda 500-dən çox xəstə böyrək köçürülməsi üzrə gözləmədədir.

"Hazırda 4000 Azərbaycan vətəndaşı dializdədir və onların donorları olmadığı üçün gözləmə siyahısında yer almayıblar. Qaraciyər üzrə orqan gözləyənlərin sayı 300-dən yuxarı, sümük iliyi üzrə isə 500-dən çoxdur", - qurumdan verilən açıqlamada qeyd olunur.

Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, respublikamızda transplantasiya əməliyyatlarının aparılması üçün 15 tibb müəssisəsinə icazə verilib. Bu müəssisələr müxtəlif tibbi sahələr üzrə ixtisaslaşmış və ümumi profilli klinikaları əhatə edir.

Rəsmi açıqlamada orqan transplantasiyası üçün tələb olunan əsas şərtlər də qeyd olunub:

1. Tibbi göstərişlər və uyğunluq: Orqan köçürülməsinə ehtiyac olan şəxsin ciddi tibbi diaqnozu olmalıdır. Resipient (orqanı qəbul edən şəxs) və donor arasında qan qrupu və toxuma uyğunluğu vacibdir.

2. Donorun razılığı: Canlı donor olarsa, onun sağlamlığı diqqətlə yoxlanılır və könüllü razılığı alınır. Meyit donorluğu olarsa, donorun və ya onun ailəsinin razılığı tələb olunur.

3. Tibbi testlər və analizlər: Həm donor, həm də resipient tam tibbi müayinədən keçirilməlidir. İnfeksion xəstəliklərin mövcudluğu yoxlanılır və immunoloji uyğunluq müəyyən edilir.

4. Hüquqi tənzimləmələr: Transplantasiya prosesi müvafiq qanunlara və qaydalara uyğun həyata keçirilməlidir. Azərbaycanda orqan donorluğu və transplantasiyası barədə qanuni əsaslarla müəyyən edilmiş qaydalar var. Donor seçimi prosesində əsas məqsəd - həm donorun, həm də resipientin təhlükəsizliyini və sağlamlığını təmin etməkdir.

Milli.Az