6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direktoru İlqar Hüseynovla Türkiyənin "Demirören Haber Ajansı" (DHA) aparıcı informasiya agentliyinin baş direktoru Cemal Coşqun arasında görüş keçirilib. Görüşdə tərəflər "DHApress.com" Layihəsinin inkişaf perspektivlərini və yeni müştərək layihələrin yaradılmasını müzakirə ediblər.
İlqar Hüseynov Trend-ə müsahibəsində vurğulayıb ki, Trend-lə DHA arasında əməkdaşlıq artıq bir neçə ildir ki, uğurlu şəkildə davam edir.
"DHApress.com" Layihəsinin reallaşdırılması Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü birgə Azərbaycan-Türkiyə media platforması təşəbbüsü çərçivəsində həyata keçirilir. Bizim əsas məqsədimiz - "DHApress.com"u Türkiyənin ən böyük innovativ nəşrinə çevirməkdir. Onun yaradılmasında Trend BİA-nın İT-xidməti ən son nəsil texnologiyalardan istifadə edib. Türkiyə bazarında ilk dəfə olaraq aparıcı Azərbaycan və Türkiyə nəşrlərinin multimedia və xəbər materiallarının dərc olunacağı Layihə reallaşır.
Bir sıra nüfuzlu İtaliya və Çin nəşrləri də Layihədə iştiraka maraq göstərirlər. Bundan başqa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində biz "DHApress.com"un Azərbaycan versiyasından Türkiyədə yaşayan Azərbaycan diaspor nümayəndələri üçün kommunikasiya mərkəzinin yaradılmasında istifadə etməyi planlaşdırırıq", - deyə Trend BİA-nın direktoru əlavə edib.
DHA-nın baş direktoru Cemal Coşqun, öz növbəsində, agentliyin Trend-lə əməkdaşlığa böyük dəyər verdiyini qeyd edib.
"Biz əminik ki, bizim agentliklər bir-birini qarşılıqlı olaraq gücləndirir və qarşılıqlı təcrübə mübadiləsi aparmaq niyyətindəyik. Trend agentliyi Azərbaycanda və onun hüdudlarından kənarda etibarlı informasiya mənbəyi kimi mühüm uğurlar qazanıb və əməkdaşlığımız media məkanında birgə irəliləyiş baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Tərəflər, eyni zamanda, agentliklərin studiyaları arasında telekörpülərin və bərabər canlı yayımların təşkili, multimedia materiallarının mübadiləsi ilə bağlı razılaşma əldə ediblər.
Qeyd edək ki, DHApress.com Layihəsinin təqdimatı 2023-cü ildə Şuşada 2-ci Qlobal mediforum çərçivəsində, həmçinin, İstanbul şəhərində dövlət strukturlarının və nüfuzlu KİV nümayəndələrinin iştirakı ilə baş tutub.
Layihənin unikal özəlliklərindən biri ondan ibarətdir ki, Türkiyə mediabazarının tarixində ilk dəfə olaraq Azərbaycan dilində xəbər lenti yayımlanır.
Milli.Az