Almaniya Federal Kansleri Olaf Şolts Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təklif etdiyi Ukraynaya yeni böyük hərbi yardım paketinə razılıq vermir.
Milli.Az xəbər verir ki, bu barədə "Spiegel"in məlumatında deyilir.
Məlumatlara görə, Almaniya hökumətində - yaxınlarda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində - Ukraynaya əlavə hərbi yardım mövzusunda həftələrdir mübahisə gedir.
"Yaşıllar" partiyasından olan xarici işlər naziri Annalena Berbok və Şoltsun həmpartiyalısı, müdafiə naziri Boris Pistorious növbədənkənar seçkilərdən əvvəl - 23 fevrala qədər Ukraynaya ən vacib silahları tədarük etmək üçün təxminən 3 milyard avro məbləğində əlavə yardım ayrılmasını təklif ediblər.
Yardım paketi Ukrayna tərəfinin tələblərinə uyğun şəkildə tərtib edilib. Paketdə 3 ədəd IRIS-T batareyası və onların işləməsi üçün tutucu raketlər, Patriot sisteminə əlavə tutucular, 10 özüyeriyən haubitsa və artilleriya mərmiləri yer alıb.
Pistorious və Berbok bu addımın Ukraynaya alman yardımının azalmayacağını göstərən mühüm bir siqnal olacağına inanırlar.
Nazirlərin planı belə idi ki, hökumət qeyri-planlaşdırılmış xərclərə dair razılıq üçün Bundestaqın büdcə komitəsinə müraciət etsin. Əvvəlki təcrübələrdə bu mexanizmdən istifadə edilib. Onlar, xüsusilə, Şərq cəbhəsində ağır vəziyyəti və ABŞ-ın Donald Trampın yenidən hakimiyyətə gəlməsi səbəbindən gələcəkdə göstərə biləcəyi yardımın qeyri-müəyyənliyini əsas gətirirdilər.
Lakin yanvar ayından etibarən paket hazırlığındakı iş dayanıb, çünki Şoltsun ofisindən əlavə xərclərə qarşı çıxıldığını bildirən siqnallar gəlib.
"Spiegel"in məlumatına görə, Şoltsun mövqeyi onun bu paketi tənqidi vacib bir zərurət kimi görməməsi ilə izah edilir. Şolts indiyədək ayrılmış yardımın yaxın müddət üçün kifayət olacağını hesab edir və yeni hökumət formalaşana qədər belə bir addım atmaq istəmir.
2025-ci il üçün ilkin büdcədə hərbi yardımlara 4 milyard avro ayrılması planlaşdırılır. Eyni zamanda, Ukraynanın, Rusiya aktivlərindən əldə olunan gəlirlərlə maliyyələşdirilib G7 tərəfindən təmin edilən 50 milyard dollarlıq krediti istifadə edəcəyi gözlənilir.
Şoltsun razılığı olmadan yeni yardım paketini təsdiqləmək mümkün deyil. SPD-də qeyri-rəsmi olaraq bildirilir ki, kanslerin həqiqi motivləri seçkilərlə bağlıdır. Şolts bu addımın, SPD-yə səs verməkdə tərəddüd edən seçicilərin bir hissəsini narazı salacağından narahatdır. Bunun əksinə olaraq, "Yaşıllar" müdafiə xərclərinin artırılmasına və Ukraynaya aktiv dəstəyə dəstək olmaqla siyasi xal qazanmaq niyyətindədirlər.
Hər iki nazirlik rəsmi olaraq bu məlumatları şərh etməkdən imtina edib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Almaniya Ukraynaya IRIS-T və Patriot sistemlərini əhatə edən böyük yardım paketi təqdim etmişdi. /qaynarinfo
Milli.Az