Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək – ŞƏRH

9 Yanvar 2025 19:28

Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək. Dünyada müşahidə olunan geosiyasi gərginliklər və qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatının inkişafının davam etməsi ölkənin iqtisadi siyasətini dövrün tələblərinə uyğunlaşdırmaq və yaranan mövcud imkanlardan istifadə etmək bacarığının nəticəsidir.

Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova deyib.

"Hazırkı qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 4 faiz, qeyri-neft sektoru 6 faizdən çox, o cümlədən qeyri-neft sənayesi isə 7 faizdən çox artıb və hazırkı müsbət dinamikanın növbəti illərdə də davam edəcəyi gözlənilir. Bu isə onu göstərir ki, artıq özünü dünyada etibarlı neft-qaz tədarükçüsü kimi sübut edən Azərbaycan, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır, yaşıl iqtisadiyyatı inkişaf etdirməklə bu sektorda da etibarlı tərəfdaş olmaq niyyətindədir. Təsadüfi deyil ki, bu gün "ACWA Power", "Masdar" kimi aparıcı şirkətlər Azərbaycanda mühüm yaşıl enerji layihələri həyata keçirirlər və öz bizneslərini ölkəmizdə daha da genişləndirmək niyyətlərini ifadə edirlər", - deyə o vurğulayıb.

S.Mikayılova qeyd edib ki, Azərbaycanın qaz ixracı coğrafiyasının da genişlənməsi iqtisadi artım tempini yüksəldən mühüm amildir. "Hazırda Azərbaycan qazı 12 ölkəyə ixrac edilir və gələcəkdə interkonnektorlar vasitəsilə Avropada təbii qaz alıcılarımızın sayının daha da artmasının şahidi olacağıq. Digər tərəfdən, ixrac coğrafiyasının genişlənməsi Avropanın aparıcı neft-qaz şirkətlərinin Azərbaycan bazarına daxil olmasını təmin edir. Bu da, öz növbəsində, Azərbaycanın Avropa bazarında mövqeyinin getdikcə daha da güclənməsini şərtləndirir", - deyə deputat qeyd edib.

Ölkənin maliyyə vəziyyətindən danışan Sevil Mikayılova vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük vəsaitin sərf olunmasına baxmayaraq, valyuta ehtiyatlarında artım müşahidə olunur. "Hazırda Azərbaycanın valyuta ehtiyatları 72 milyard dollardır ki, bu da il ərzində 5 milyard dollardan çox artım deməkdir. Bu, ehtiyatların düzgün idarə edilməsindəki uğurlu yanaşmanın təsdiqidir. Bundan başqa, əminliklə demək olar ki, xarici borcumuzun azaldılması istiqamətində atılan addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər. Belə ki, hazırda Azərbaycanın xarici borcu ÜDM-in sadəcə 7,2 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 14 dəfə çoxdur. Bu, ölkənin maliyyə siyasətinin dayanıqlığını və iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində aparılan uğurlu islahatların bariz nümunəsidir", - deyə o bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı bir sektordan asılı deyil, müxtəlif sahələrə əsaslanan, davamlı və balanslaşdırılmış iqtisadi siyasətdir və getdikcə möhkəmlənən iqtisadi müstəqilliyin göstəricisidir: "Bu müstəqillik qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı ilə yanaşı, ölkənin enerji təhlükəsizliyinə və diversifikasiyasına yönəlmiş strateji tədbirlərdən irəli gəlir. İqtisadiyyatın yalnız neft-qaz sektoru ilə məhdudlaşmaması, qeyri-neft sektorunun ÜDM-dəki payının getdikcə artması, ixrac coğrafiyasının genişlənməsi və yerli istehsalın gücləndirilməsi Azərbaycanın xarici təsirlərə qarşı dayanıqlılığını artırır. Bu yanaşma iqtisadi göstəricilərdə müşahidə edilən yüksək artım tempini dəstəkləyir və iqtisadiyyatın gələcəkdə də inkişafını təmin edən əsas amillərdən biri olaraq çıxış edir. Nəticədə Azərbaycanın iqtisadi müstəqilliyi yalnız maliyyə sabitliyinin qorunmasına deyil, həm də iqtisadiyyatın müxtəlif sahələr üzrə diversifikasiyasına, strateji layihələrə yatırılan vəsaitlərə və dayanıqlı inkişaf modelinə əsaslanaraq daha da möhkəmlənir".

Milli.Az