Obama: "Qəzəbli və məyusam"
28 May 2010 14:23
Amerika prezidenti Barak Obama ABŞ-da sualtı neft quyularının qazılmasına altı aylıq moratorium elan edib.
BBC-nin verdiyi xəbərə görə, Meksika Körfəzindəki qəzaya cavab olaraq buna bənzər layihələr ləğv olunub.
Hökumət alimləri deyirlər ki, hər gün zədələnmiş quyudan dənizə 4 milyon litrə qədər neft axır. Bu əvvəlki təxminlərdən xeyli çoxdur. Neft yataqlarının lizinqi üçün məsuliyyət daşıyan Amerika federal agentliyinin rəhbəri istefa verib.
Amerika Geoloji Araşdırmalar Agentliyi deyir ki, hazırda Meksika Körfəzinə axmış neftin həcmi, 1989-cu ildə Alyaskada Ekson Valdez tankeri qəzaya uğrayarkən axıdılandan çoxdur.
Luiziana ştatının turizm və balıqçılq sənayeləri iflic vəziyyətinə düşüb.
Prezident Obama deyir ki, dərin sularda neft quyularının qazılması altı aylığına dayandırılır.
Bundan əlavə, Körfəzdə, Alyaska və Virciniya sahillərində də qazma işləri aparılmayacaq.
ABŞ prezidenti bu vəziyyətdən məyus və qəzəbli olduğunu, lakin qəzanın nəticələrinin aradan qaldırılması üçün bütün mümkün tədbirlərin görüldüyünü deyib.
BP neft şirkəti Meksika Körfəzindəki neft quyusunu bağlamaq cəhdlərini bərpa edib. Bundan az əvvəl əməliyyat dayandırılmış və onun nəticələri dəyərləndirilmişdi.
Lakin rəsmilər deyiblər ki, yalnız bu gün axşam və ya həftəsonunda şirkət səylərinin nəticəsi barədə məlumat vermək iqtidarında olacaq. Bundan əvvəl sözçü hər şeyin normal getdiyini, lakin neftin çıxmasının dayanmadığını xəbər vermişdi.
Milli.Az