21:36
"Azərbaycan Hava Yolların"a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yaralıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
-------------
20:55
AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə göndəriləcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlar Aktaudan Azərbaycana yola salınacaq. Lakin dəqiq tarix açıqlanmayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Milli.Az