"Yeni Klinika"da müalicəsi davam edən yaralıların SON VƏZİYYƏTİ

28 Dekabr 2024 17:03

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Məlumat verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan şəxslər TƏBİB-in tabeliyindəki "Yeni Klinika"ya hospitalizasiya olunub.

Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib.

Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

1 nəfərin (qadın cinsli) vəziyyəti orta ağır, 1 nəfərin (kişi cinsli) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir",-deyə qurumdan əlavə edilib.

Qeyd edilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib. Üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (qadın cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Milli.Az