Arvadına əsəbləşib 35 nəfəri öldürmüşdü - Asılacaq

28 Dekabr 2024 10:29

Çinin Guangdong əyalətinin Cuhay şəhərində 35 nəfərin ölümü, 43 nəfərin yaralanması ilə nəticələnən avtomobil hücumu həyata keçirən şəxs edam cəzasına məhkum edilib.

Milli.Az xəbər verir ki, məhkəmənin qərarına əsasən 62 yaşlı Fan Veyçiu adlı şəxs ailə problemləri və boşanma sonrası mal bölgüsündən narazılıq səbəbilə bu cinayəti törədib. Qərarda cinayətin "qəddar üsulla" törədildiyi, ciddi itkilərə səbəb olduğu bildirilərək, təqsirkarın ölüm cəzasına məhkum edildiyi vurğulanıb.

Hadisə 11 noyabrda Cuhay şəhərində baş verib. Sürücü qara rəngli SUV tipli avtomobilini idman mərkəzinin ətrafında gəzən insanların üzərinə sürərək 35 nəfərin ölümünə, 43 nəfərin yaralanmasına səbəb olub. Yerli polis hadisənin səbəbini onun boşanma şərtlərindən və mal bölgüsündən narazılığı ilə əlaqələndirib.

Çində psixoloji problemlər və sosial təcrid hissi yaşayan şəxslərin ictimai yerlərdə hücumlar törətməsi son zamanlar artan hallardandır. Bu hadisələr arasında Yunna əyalətində bir xəstəxanada bıçaqlı hücum zamanı 2 nəfərin ölümü, 21 nəfərin yaralanması və Şanxay şəhərində bir supermarketdə 3 nəfərin ölüb, 15 nəfərin yaralanması ilə nəticələnən hadisələr yer alır. Oxşar hücumlar Pekin, Ciangsu və Hunan əyalətlərində də qeydə alınıb.

İsmayıl
Milli.Az