Əli Əsədov Qazaxıstan səfirliyinə getdi - FOTO

27 Dekabr 2024 14:14

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində olub.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, Ə.Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazdı.

Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət etdi.

Ə.Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə və həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə etdilər, xəsarət alanların tezliklə şəfa tapmasını dilədilər.

Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olundu.

Milli.Az