Adil Abdullayev Bakıya gətirilən yaralıların müalicəsindən danışdı

26 Dekabr 2024 19:54

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan şəxslərin müalicəsinin Azərbaycanda davam etdirilməsi məqsədsilə FHN-in xüsusi təyyarəsiylə xəsarət almış şəxslərdən 7 nəfər həkimlərin və psixoloqların müşayiəti ilə Bakıya gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.

O qeyd edib ki, qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəruri vasitələrlə təchiz olunmuş FHN-ə aid təyyarəylə, peşəkar psixoloqlar, həkimlər, xilasedicilər və Səhiyyə Nazirliyinin həkimləri Aktau şəhərinə göndərildi.

"Xəsarət almış şəxslərdən 7 nəfər həkimlərin və psixoloqların müşayiəti ilə Bakıya gətirilib. Digər 7 nəfər şəxs hansıların ki, vəziyyətləri qənaetbəxş hesab olunur, onlar AZAL-ın təyyarəsiylə bir qədər sonra Bakıya gətiriləcək. Hazırda gətirilən şəxslərin müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Milli.Az