AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

26 Dekabr 2024 18:15

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.

Milli.Az "Haber Global"a istinadla raket barədə məlumatları təqdim edir.

"Pantsir" raket sisteminin iki versiyası var - S1 və S2. Bu sistem hərbi, sənaye və inzibati obyektləri təyyarələrə, helikopterlərə, dəqiq sursatlara, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı qorumaq üçün nəzərdə tutulub. Eyni zamanda, aşağı hündürlüklərdə dəqiq sursat istifadə edən düşmən hava hücumlarına qarşı hava hücumundan müdafiə bölmələrinə əlavə qorunma təmin edir.

"Pantsir" sistemi bir raket qurğusu, radar avtomobili və komanda mərkəzindən ibarətdir. İlk versiya olan "Pantsir-S1" 2008-13-cü illərdə istehsal edilib.

"Pantsir-S1M" isə 2019-cu ildə təqdim olunub.

"Pantsir-M/EM S1"in dəniz versiyası kimi 2015-ci ilin iyul ayında tanıdılıb.

"Pantsir-S2/S2E" ilk versiyanın modernləşdirilmiş variantıdır. Bundan başqa, "Pantsir-SM", "Pantsir-SA" və "Pantsir-SMD-E" versiyaları da mövcuddur.

"Pantsir-S1" sistemi beş metr hündürlükdən və 200 metr məsafədən 15 kilometr hündürlüyə və 20 kilometr məsafəyə qədər hədəfləri aşkar edib izləmə qabiliyyətinə malikdir.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər həlak olub, 28 nəfər yaralanıb./oxu.az

Milli.Az