Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı anlarda kəlmeyi-şəhadət oxuyan sərnişinin yeni videoları ortaya çıxıb.
Milli.Az xəbər verir ki, həmin sərnişin qəza anında özünü və təyyarə salonunu çəkərək həyat yoldaşına son xatirə kimi göndərdiyi videolarla tanınıb.
Yeni yayılan görüntülərdə həmin şəxsin qəza anından dərhal sonra sağ şəkildə hadisə yerindən çəkilişlərə başladığı görünür. O, təkbir gətirərək təyyarənin qırılmış quyruq hissəsini və ətrafdakı mənzərəni çəkir. Bu görüntülərdə qəza yerinə gələn xilasedicilərin çalışmaları da əks olunub.
Xilasedicilər təyyarənin quyruq hissəsinin qapılarını açmağa çalışırlar, lakin buna nail ola bilmirlər. Videoda xilasedicilər arasında qısa bir dialoq yaşanır və həmin sərnişin pilotun ölümü barədə danışır. Həmçinin, qapıların açılması üçün xüsusi alət - manivella ("lom") tələb olunduğunu qeyd edir.
Videoda diqqət çəkən məqamlardan biri də həmin şəxsin təyyarənin quyruq hissəsindəki zədələri göstərərək Pilotsuz Uçan Aparatlara (PUA) qarşı kəskin ifadələr işlətməsi və hətta söyüş söyməsidir. Bu məqam dronlar və ya PUA-ların qəzanın mümkün səbəbləri kimi müzakirə olunmasının təsadüfi olmadığını bir daha gündəmə gətirir. Görünür, həmin şəxs də pualar, dronlar barədə danışanların haqlı ola biləcəyinə inanır.
Bu dramatik görüntülər Rusiyada sosial şəbəkələrdə sürətlə yayılaraq trendə çevrilib. Musavat.com həmin videonu təqdim edir və qeyd edir ki, qəzanın dəhşətini əks etdirən bu görüntülər hadisənin müxtəlif aspektlərinin aydınlaşmasında mühüm rol oynayır. (Musavat.com)
Milli.Az