Gürcüstanda azərbaycanlılarının kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndindən olan hərbi qulluqçu bədbəxt hadisə nəticəsində həlak olub.
Milli.Az xəbər verir ki, hadisə Marneulidəki hərbi hissədə baş verib.
Məlumata görə, Faxralı kəndindən olan əsgər Ziyəddin Araz oğlu Məmmədov qarovulda olarkən silahla ehtiyatsız davranması nəticəsində həlak olub. Bildirilib ki, atəş səsi gəlməsindən sonra postda yoxlama aparılıb və Z.Məmmədovun meyiti aşkarlanıb. Onun çənəsindən güllə yarası aldığı və hadisə yerində həlak olduğu bildirilib.
Gürcüstan Müdafiə Nazirliyi bəyanat yayaraq əsgərin ailəsinə başsağlığı verib.
Qurumun məlumatında faktla əlaqədar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndi ilə istintaqa başlanıldığı qeyd edilib. (APA)
Milli.Az