Qazaxıstan polisi hadisə ilə bağlı araşdırmaya başladı

25 Dekabr 2024 13:55

Qazaxıstan polisi AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gedib. Hadisənin səbəblərinin müəyyən edilməsi davam edir, Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi ("Nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda") əsasında ibtidai istintaqa başlanılıb", - deyə Qazaxıstan DİN-dən bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Milli.Az