Gürcüstan XİN Azərbaycana başsağlığı verdi

25 Dekabr 2024 13:21

Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması xəbərini dərin hüznlə qarşılayırıq.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Biz dost Azərbaycan hökümətinə və xalqına dərin hüznlə başsağlığımızı bildirmək istərdik. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Milli.Az