Qəzaya uğrayan təyyarədə 69 nəfər olub - ölənlər var - VİDEO

25 Dekabr 2024 13:50

Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər deyil, 69 nəfər olub.

Bunu Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin qəza-xilasetmə xidmətlərinin qüvvə və vasitələri İdarəsinin rəisi Kayrat Janaspayev bildirib.

"İlkin məlumata görə, təyyarədə 69 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvü olub", - o qeyd edib.

Daha əvvəl təyyarədə 67 nəfərin olduğu bildirilirdi. /Report

xxx

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

Bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən "Kazinform"a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib. /Report

xxx

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.

AZAL-dan verilən məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

xxx

Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra azı 6 nəfər sağ qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova deyib.

xxx

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Milli.Az xəbər verir ki, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

"Azərbaycan Hava Yolları" aviaşirkətindən bildirilib ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az