"COP29 inkişaf etməkdə olan kiçik ada dövlətlərə dəstək üçün təkan oldu"

25 Dekabr 2024 08:20

Azərbaycan COP29-a sədrliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərin (SIDS) problemlərinə xüsusi diqqət yetirib.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotland bildirib.

Bakıda keçirilən iqlim sammitini qiymətləndirən Baş katib konfransın həm ümidverici hadisə, həm də reallıqlar üçün ciddi sınaq olduğunu qeyd edib.

"Biz irəliləyiş əldə olunmasına şadıq", - deyə o vurğulayıb.

Bununla, o, iqlim dəyişikliyinə qarşı mübarizə üçün illik maliyyə hədəfinin 2035-ci ilə qədər üç dəfə artırılaraq, 300 milyard dollara çatdırılmasını və İtki və Zərər Fondunun fəaliyyətə başlamasını nəzərdə tutub. Lakin onun sözlərinə görə, həssas ölkələr üçün bu irəliləyiş hələ də ləngdir.

"SIDS və ən az inkişaf etmiş ölkələr böhranın ön cəbhəsindədirlər, lakin bu böhranın yaranmasında onların rolu olduqca cüzidir. Onlar üçün iqlim danışıqları yaşamaq uğrunda mübarizədir. Onların səsləri Bakıda eşidildi və onlar təkcə öhdəliklər deyil, bu öhdəliklərin yerinə yetirilməsini tələb etdilər - və bu tələblərində haqlıdırlar", - deyə o bildirib.

Patrisiya Skotland COP29-a sədrliyi həyata keçirən ölkə - Azərbaycan tərəfindən təşkil olunan SIDS üçün COP liderlərinin ilk sammitinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, burada onların problemləri ön plana çıxarılıb. O, həmçinin, COP30-a qədər bərpa olunan enerji və daha qətiyyətli tədbirlərə diqqət yetirilməsinin vacibliyini bildirib.

Daha sonra Baş katib iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş maliyyələşmənin artırılması və ona çıxış imkanlarının yaxşılaşdırılması üzrə təşkilatın sadiqliyini təsdiq edib.

"Millətlər Birliyinin İqlim Maliyyə Çıxışı Mərkəzinin (CCFAH) fəaliyyəti sayəsində üzv dövlətlərə onların milli iqlim planlarını, o cümlədən, milli töhfə və uyğunlaşma planlarını həyata keçirmək üçün zəruri maliyyə vəsaitlərini əldə etməyə dəstək verməyə davam edirik", - deyə o əlavə edib.

Patrisiya Skotland bildirib ki, son doqquz ildə CCFAH 380 milyon dollardan çox maliyyə cəlb edib və daha 500 milyon dolların əldə olunması prosesdədir. O, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin SIDS ilə birgə layihələrin dəstəklənməsi üçün 10 milyon dollar ayırmaqla bağlı bəyanatını vurğulayıb.

"Belə öhdəliklər SIDS-in iqlim dəyişikliyi ilə mübarizə sahəsində imkanlarının genişləndirilməsi üçün həlledicidir. İtki və Zərər Fondunun işə salınması və maliyyələşdirilməsi kimi prioritet məsələlər üzrə təcili tədbirlərə ehtiyac var", - deyə Baş katib bildirib.

Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan danışan Patrisiya Skotland gələcək üçün əsas prioritetləri qeyd edib:

"Birincisi, öhdəliklərin icrası üzrə yaranmış boşluqları aradan qaldırmalıyıq. Bu vədlər yerinə yetirilməlidir. Millətlər Birliyi maliyyə öhdəliklərinin yalnız əlçatan deyil, həm də transformativ olmasını təmin etmək üçün işini davam etdirəcək, xüsusilə SIDS və ən az inkişaf etmiş ölkələr üçün. Bilirik ki, Azərbaycan və COP29-a sədrliyi həyata keçirən ölkə SIDS-in güclü tərəfdarlarıdır və biz bu liderliyin davam etməsini arzulayırıq", - deyə o bildirib.

"İkincisi, innovasiyalardan istifadə edilməlidir. Peyk texnologiyalarından süni intellektə qədər, miqyaslı həllərin yaradılması üçün innovasiyaların bütün potensialından istifadə etməliyik. Bu vasitələr həssas ölkələrə uyğunlaşmaq və inkişaf etməkdə kömək edə bilər. Millətlər Birliyi Katibliyi ilə Azərbaycanın kosmik agentliyi "Azercosmos" arasında imzalanan Anlaşma Memorandumu peyk məlumatlarına çıxışı əhəmiyyətli dərəcədə genişləndirə bilər", - deyə o əlavə edib.

"Nəhayət, inklüziv liderlik inkişaf etdirilməlidir. Millətlər Birliyinin Gənclər İqlim Şəbəkəsi, gənc iqlim danışıqları aparıcıları, genderə əsaslanan iqlim tədbirləri üzrə əməkdaşlıq şəbəkəsi və yerli xalqlarla tərəfdaşlıqlar - bunlar sadəcə proqramlar deyil, iqlim diplomatiyasının gələcəyidir", - deyə Patrisiya Skotland fikirlərini tamamlayıb.

Milli.Az